Qətərdə keçirilən dünya çempionatında E qrupunun III turunda Yaponiya ilə üz-üzə gələcək İspaniya millisi daha əvvəl bir dəfə bu komandaya rəqib olub.
Sportnet.az "Report"a istinadən xatırladır ki, 2001-ci ildəki hazırlıq oyununda avropalılar 1:0 hesablı qələbə qazanıb.
"Buğalar" mundiallar tarixində asiyalılarla beş dəfə qarşılaşıblar (üç qələbə, iki heç-heçə) və heç birinin əsas vaxtındanda uduzmayıblar. DÇ-2010-nun qalibi olan komanda 2002-ci ildə Cənubi Koreyaya penaltilər seriyasında məğlub olub.
Yaponiya millisi yarışdakı son dörd qarşılaşmadan üçündə (bir qələbə) məğlub olub. Gündoğar ölkə təmsilçisi ardıcıl ikinci mundialda da qrupdan çıxmağı hədəfləyir.
F qrupunun digər oyununda qrupda qalacağı dəqiqləşən Kanada seçməsi Mərakeşlə qarşılaşacaq. Afrika təmsilçisi bu rəqibi ilə çıxdığı üç matçın heç birində (iki qələbə, bir heç-heçə) uduzmayıb və 2016-ci ildəki matçda 4 cavabsız qolla qalib gəlib.
Şimali amerikalılar turnirdə antirekordu təkrarlaya bilər. İndiyədək meydana çıxdığı 5 oyunun hamısında məğlub olan yığma uduzacağı təqdirdə El Salvadora (6 məğlubiyyət) çatacaq. Dünya çempionatında altıncı dəfə iştirak edən Mərakeş tarixində ikinci dəfə (ilk dəfə - 1986) qrupdan çıxmağı planlaşdırır. F qrupunda üç komanda pley-off üçün mübarizə aparacaq.
Qeyd edək ki, Xorvatiya - Belçika və Kanada - Mərakeş oyunları Bakı vaxtı ilə saat 19:00-da, Yaponiya - İspaniya və Kosta Rika - Almaniya matçları saat 23:00-da start götürəcək.