Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.
Sportnet.az-ın məlumatına görə, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
--------------------------------------------------
Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. "Damalılar" ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.
Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr
19:00. Xorvatiya - Mərakeş - 2:1
Qollar: Yosko Qvardiol, 7. Mislav Orsiç, 42 - Əşrəf Dari, 9
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
"Xəlifə" stadionu