“Mənə görə, “Qarabağ” - “Gent” duelinin favoriti Azərbaycan komandasıdır”.
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanda “Qəbələ” və “Səbail”in formasını geyinmiş fransalı futbolçu Nikolas Raysel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent” önündə şanslarını dəyərləndirərkən deyib.
Hazırda Belçikada I liqa təmsilçisi “Dender”in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi “Gent”in heç də parlaq günlər yaşamadığını söyləyib: “Düzdür, onlar bu mövsüm ilk “5-liy”ə iddia edirlər. Ancaq əvvəlki güclərində deyillər. Üstəlik, “Qarabağ”ın zəngin avrokubok təcrübəsi var. Hazırda “Gent”in müəyyən çətinlikləri var. Bütün bunları nəzərə alaraq, “Qarabağı” cütlükdə daha şanslı görürəm”.
Karyerası ərzində Belçikada “Union”, “Ostende”, “Roselar” kimi klublarda da çıxış etmiş Raysel baxımlı mübarizə olacağını proqnozlaşdırıb: “Şəxsən mən pley-off olsa da, bu komandaların oyunlarında açıq futbol gözləyirəm. “Qarabağ” 3-lü müdafiə sisteminə qarşı sürətli oynamağı bacarır. Çünki sürətli oyunçulara sahibdir. Topsuz pressinq, hücumlara sürətli çıxmaq bu matçlarda həlledici rol oynaya bilər”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra Gentdə keçiriləcək.