“Sabah” istədiyini bizim hesabımıza bacardı. Rəqib yox, özümüz öz qapımıza iki qol vurduq”.
Sportnet.az-ın məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXI tur oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.
57 yaşlı mütəxəssis rəqibin erkən qol üçün təzyiq edəcəyini öncədən bildiklərini söyləyib: “Oyuna planlı şəkildə çıxmışdıq. İlk 15 dəqiqəni etibarlı şəkildə sadə futbolla keçirmək istədik. “Sabah”ın matçın startından etibarən təzyiq göstərəcəyini gözləyirdik. “Qarabağ”ın xal itirməsindən sonra çoxları bu gün “Sabah”dan qələbə gözləyirdi. Rəqib daha rahat olmaq üçün erkən qol vurmaq istəyirdi. Çünki dəqiqələr keçdikcə onlara çətin olacaqdı. “Sabah” ən yaxşı oyun göstərən komandalardan biridir. Bu cür rəqibə qarşı geridönüş etmək çətindir”.
Diniyev komandasının ikinci hissədəki performansından razılıq bildirib: “İkinci hissədəki oyun istədiyim futbol idi. Mənə gələcəyə nikbin baxmağa kömək etdi. Fasilədən sonra başabaş mübarizə apardıq, qol vəziyyətləri yaratdıq. Oyun üstünlüyü bizim tərəfimizə keçdi. Turnir cədvəlinin sonuncu pilləsində olmağımız futbolçulara psixoloji gərginlik yaradır. Onları bu durumdan heç cür çıxara bilmədik. Fasilədə dedim ki, uduzsaq belə, futbol oynayaq. Məncə, bu cür oyunla gələcəkdə daha yaxşı nəticələr göstərə biləcəyik”.
Baş məşqçi əlavə edib ki, əsas problemləri heyətlərinin kasad olmasıdır: “Belə kiçik komandada heyətin kasad olması, üstəlik, əsas heyətin dörd oyunçusunun iştirak etməməsi komandaya təsir göstərdi. “Sabah” meydanda azlıqda qalanda ikinci hücumçunu meydana buraxmaq istədim. Mirabdulla Abbasov, Ağabala Ramazanov, Maksim Çex və Kizito Luvaqa olmadığından, rotasiya eləmək gücündə deyildim. Sadəcə, yarımmüdafiəçini hücuma buraxdıq”.
Şahin Diniyev transfer pəncərəsinin son günlərində iki transfer reallaşdırmaq istədiklərini deyib: “Qış fasiləsində yaxşı oyunçu tapmaq çətindir. Fevralın 8-nə qədər iki mövqeyi gücləndirməyə çalışacağıq. Mərkəz müdafiəçisinə və yarımmüdafiəçiyə ehtiyacımız var. Düzdür, şansımız azdır. Amma axırıncı şansdan da istifadə etməyə çalışacağıq. Skaut şöbəmiz bununla bağlı işlərini davam etdirir. Sabaha qədər nəsə olmalıdır”.