Avropanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qış transfer pəncərəsi bağlanıb.
Premyer Liqa klubları bu müddətdə ümumilikdə 19 əcnəbi futbolçu transfer ediblər.
Həmçinin, Ukraynadan Azərbaycan əsilli iki oyunçu da mövsümün ikinci yarısını burada keçirəcək.
Sportnet.az xəbər verir ki, "report" elita təmsilçilərinin qış transfer bazarındakı fəaliyyətini araşdırıb.
“Qarabağ”
Adətən qış fasiləsini səssiz keçirən “Qarabağ” bu dəfə ənənəsini pozub. Ağdam təmsilçisinin buna bir növ məcbur qaldığını da demək olar. Çünki Kadi Borges və Ovusu Kvabenanın gedişi rəhbərliyi boşluqları doldurmağa vadar edib. Əvəzində alınan futbolçular ad baxımından gedənlərdən heç də geri qalmırlar. Əksinə, Yassin Benzia, Adama Diakabi kimi simalar “Qarabağ”ın gücünə güc qatacaq səviyyədədirlər. Redon Cicanın da ölkəsi Albaniyada bombardirliyi yüksək qol duyumuna malik olmasından xəbər verir. Yeni transferlərlə bağlı əsas problem onların oyun praktikasından əziyyət çəkmələridir. Xüsusən də Benzia və Diakabinin formasını bərpa etməsinə müəyyən zaman lazımdır. Ağdam təmsilçisinin ən yaralı yeri isə qapı xəttidir. Hələ Şahruddin Məhəmədəliyev sağlam olanda belə, azarkeşlər rəhbərlikdən israrla qapıçı transferi tələb edirdilər. Millinin qolkiperinin zədələnməsi çərçivənin gücləndirilməsini daha da vacibləşdirib. Lakin nədənsə, danışıq aparılan qapıçıların heç birini gətirmək mümkün olmayıb. Bu isə mövsümün ikinci yarısında, xüsusilə də UEFA Konfrans Liqasının Belçika təmsilçisi "Gent"lə pley-off oyunlarında “Qarabağ”ın başını çox ağrıda bilər.
Gələnlər: Redon Cica (“Tirana”, Albaniya), Yassin Benzia (“Dijon”, Fransa), Adama Diakabi (klubsuz)
Gedənlər: Kadi Borges (“Krasnodar”, Rusiya), Ovusu Kvabena (“Ferentsvaroş”, Macarıstan)
Müqaviləsi yenilənənlər: Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Marko Veşoviç, Şahruddin Məhəmmədəliyev
“Sabah”
Gözləniləndən də uğurlu performans sərgiləyən “Sabah” mövsümə başladığı heyətlə də yoluna davam edir. Baş məşqçi Murad Musayev qışda hansısa dəyişikliyə ehtiyac duymayıb. Görünür, ixtiyarındakı oyunçuların sayı və keyfiyyəti rusiyalı mütəxəssisi qane edir. Hətta heyətə düşə bilməyən bir neçə futbolçu oyun praktikası toplaması üçün icarəyə də verilib.
Gələnlər: Hiqor Qabriel (“Dinamo”, Minsk, Belarus: icarədən qayıdıb), Abdulla Rzayev (“Şamaxı”, icarədən qayıdıb)
Gedənlər: Abdulla Rzayev, İdris İnqilablı (hər ikisi “Kəpəz”ə, icarəyə), Hiqor Qabriel (“Lvov”, Ukrayna: icarəyə), Abdulla Xaybullayev (“Samtrediya”, Gürcüstan: icarəyə), Aleksandr Neçayev
Müqaviləsi yenilənənlər: Murad Musayev (baş məşqçi), Amin Seydiyev, Coy-Lens Mikels
“Neftçi”
“Neftçi”nin də fasilə dönəmində zəiflədiyini demək olmaz. Doğrudur, Yusuf Laval və Qodsvey Donyo kimi əsas heyət üzvləri ilə yollar ayrılıb. Hər ikisinin satışından gəlir əldə edən “ağ-qaralar” müdafiəçi Mamadu Mbodjla da müqaviləyə xitam veriblər. Donyo gözlənilən effekti verməyibsə, Laval bu mövsüm əvvəlki formasından çox uzaq görünürdü. Bu mənada Kilian Lebo və Mateus Saldanya transferi ön xəttə yeni nəfəs gətirmək baxımından fayda verə bilər. Ancaq onların boşluğu doldurub-doldurmayacağını zaman göstərəcək. Azərbaycan millisinin üzvü Höccət Haqverdi isə “Neftçi”nin müdafiə xəttini gücləndirəcək səviyyədədir. Höccətin müdafiənin mərkəzində və cinahında oynamaq bacarığı baş məşqçi Laurentsiu Regekampfın əlini gücləndirəcək.
Gələnlər: Höccət Haqverdi (“Sumqayıt”), Kilan Lebon (“Astana”, Qazaxıstan), Mateus Saldanya (“Cef Yunayted İtixara Tiba”, Yaponiya: icarəyə)
Gedənlər: Yusuf Laval (“Aruka”, Portuqaliya), Qodsvey Donyo (“Apollon”, Kipr), Mamadu Mbodj (müqaviləsinə xitam verilib)
“Zirə”
“Zirə” mövsümün əvvəlində gücləndirməli olduğu heyətə qış fasiləsində əl gəzdirib. Ötən ilin yayında gələnlər və gedənləri müqayisə etdikdə bakılıların transfer dönəmini uğursuz keçirdiyi görünür. Həmin vaxt lazım olan fəallığı mövsümün gedişinə saxlamaq qəsəbə təmsilçisinin medallar uğruna mübarizədən erkən qopmasına gətirib çıxarıb. Qış transferləri ad baxımından diqqətçəkəndir. Ancaq Donald Geryenin intizamsız olması, Vladislav Kulaçın isə uzun müddət yaşıl meydanlardan uzaq qalması baş məşqçi Rəşad Sadıqova ciddi problemlər yarada bilər.
Gələnlər: Vladislav Kulaç (“Dinamo”, Kiyev, Ukrayna), Donald Gerye (“Olimpiakos”, Kipr), Abbas İbrahim (“Pakuş Ferreyra”, Portuqaliya), Eldar Quliyev (“Minay”, Ukrayna)
Gedənlər: Ramin Əhmədov (“Şamaxı”), Təmkin Xəlilzadə, Nemanya Andelkoviç (müqaviləsinə xitam verilib)
“Qəbələ”
“Qəbələ” də “Sabah” kimi heyətini tam qoruyub. Bir neçə oyunçusuna təkliflər olsa da, klub onları ən azı mövsümün sonuna qədər saxlamağa müvəffəq olub. Ancaq “Sabah”dan fərqli olaraq, “Qəbələ” maliyyə imkanları aşağı olduğu üçün transfer bazarının ən passiv komandası olub. Yalnız transfer dönəminin son günlərində Əyyub Allaş Belçikadan gətirilib. Ancaq o da hələ oynamağa hazır deyil.
Gələn: Əyyub Allaş (“Virton”, Belçika)
“Turan Tovuz”
“Turan Tovuz” yalnız, onsuz da, heyətə düşə bilməyən gürcüstanlı hücumçu İmeda Aşortiya ilə vidalaşıb. Əvəzində iki yeni transfer həyata keçirilib. Müdafiənin sol cinahındakı problemin həlli üçün moldovalı Denis Marandiçi heyətə cəlb olunub. Albaniyalı Belaydi Pusi isə hücumdakı rəqabətdən qalib ayrılmalıdır.
Gələnlər: Denis Marandiçi (“Jrinski”, Bosniya və Herseqovina), Belaydi Pusi (“Skenderbeu”, Albaniya)
Gedən: İmeda Aşortiya (müqaviləsinə xitam verilib)
“Sumqayıt”
Mövsümün ilk yarısının gedişində baş məşqçi postunda Aleksey Baqanı əvəzləyən Samir Abasov öz komandasını formalaşdırmaq üçün yayı gözləmək istəməyib. Təsadüfi deyil ki, Baqanın dövründə gətirilən əcnəbilərin əksəriyyəti, eyni zamanda bir neçə yerli oyunçu ilə müqaviləyə xitam verilib. “Gənclik şəhəri” təmsilçisi boşluğu diqqətçəkən transferlərlə doldurub. Onlardan ən maraqlısı yaponiyalı Masaki Muratadır. Xüsusən də, hücumçular Karim Abubakar, Dieqo Karioka və Terrens Tisdel baş məşqçinin güvəndiyi simalardır. Transfer pəncərəsinin son günündə keçidini rəsmiləşdirmək mümkün olan Kamran Əliyev isə artıq indidən Azərbaycan millisinə potensial namizəd sayılır.
Gələnlər: Terrens Tisdel (“Botoşani”, Rumıniya), Dieqo Karioka (“Kolos”, Ukrayna: icarəyə), Masaki Murata (“Valmiera”, Latviya), Karim Abubakar (“Bney Yehuda”, İsrail), Kamran Əliyev (“Arsenal”, Rusiya), Höccət Haqverdi (“Traktor”, İran: icarədən qayıdıb)
Gedənlər: Damyan Daniçiç (“Vozdaç”, Serbiya), Höccət Haqverdi (“Neftçi”), Almir Aqanspahiç (“Çukariçki”, Serbiya: icarə müddəti başa çatıb), Felipe Çabi (“Belenenseş”, Portuqaliya), Ouro-Nil Ture, Riçard Qadze, Araz Abdullayev, Vüqar Bəybalayev, Rifat Nurmuqamet (müqavilələrinə xitam verilib)
“Şamaxı”
Heyəti bütünlüklə yerli futbolçulardan qurulan “Şamaxı” qış fasiləsində də ənənəsinə sadiq qalıb. Yeni gələnlərin heç biri komandaya əlavə güc qatacaq səviyyədə deyil. Əvəzində aparıcı müdafiəçi Adil Nağıyevin vaxtından tez komandanı tərk edərək, müqavilə ilə məxsus olduğu “Səbail”ə qayıtması şamaxılılara ciddi problem yarada bilər.
Gələnlər: Emin Zamanov (“Səbail”), Zahid Mərdanov, Əli Səmədov (hər ikisi “Kəpəz”), Ramin Əhmədov (“Zirə”), Emil Qasımov
Gedənlər: Abdulla Rzayev (“Sabah”: icarə müddəti başa çatıb), Bəhruz Teymurov (“Zaqatala”), Adil Nağıyev (“Səbail”: icarə müddəti başa çatıb), Mirəli Əhmədov (“Səbail”), Uğur Cahangirov, Samir Qurbanov
Müqaviləsi yenilənənlər: Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov, Bahadur Həziyev
“Səbail”
“Səbail” qışda ilk iş olaraq baş məşqçisini dəyişib. Mahmud Qurbanovun yerinə bu posta təyin edilən Şahin Diniyev sələfinin göndərmək istədiyi oyunçuları komandada saxlayıb. Yalnız Emin Zamanov və Fakundo Kardoso yola salınıb ki, bu da ciddi itki sayılmamalıdır. Dərhal Adil Nağıyevi icarədən qaytaran yeni baş məşqçi David Qomis və Matiya Lyuyiçi də gətirməklə kiçik yeniliyə əl atıb.
Gələnlər: Şahin Diniyev (baş məşqçi), David Qomis (“Pau”, Fransa), Adil Nağıyev (“Şamaxı”: icarədən qayıdıb), Matiya Lyuyiç (“Uypeşt”, Macarıstan), Mirəli Əhmədov (“Şamaxı”)
Gedənlər: Mahmud Qurbanov (baş məşqçi), Emin Zamanov (“Şamaxı”), Fakundo Kardoso (“Arsenal”, Argentina)
“Kəpəz”
Aşağı pillələrdə qərarlaşan komandalar arasında “Kəpəz” də dövrələrarası fasiləni hərəkətli keçirib. Baş məşqçi Tərlan Əhmədovla problem yaşayan bir neçə təcrübəli oyunçu, eyni zamanda, heyətə düşə bilməyənlər Gəncə təmsilçisi ilə vidalaşıblar. Heyətini iki yeni əcnəbi ilə gücləndirən “Kəpəz”, həmçinin, gələcəyi parlaq görülən Abdulla Rzayev və İdris İnqilablı kimi gənclərə də şans vermək qərarına gəlib.
Gələnlər: Abdulla Rzayev, İdris İnqilablı (hər ikisi “Sabah”: icarəyə), Salif Sisse (“Heqelmann”, Litva), Martins Junior (“Babrunqas”, Litva), Elgün Bayramov (MOİK)
Gedənlər: Əfran İsmayılov, Rauf Əliyev (hər ikisi karyerasını başa vurub), Əli Səmədov, Zahid Mərdanov (hər ikisi “Şamaxı”), Mixael Erqemlidze (“Pandev Akademiya”, Şimali Makedeniya), Peyman Keşavarzi