"Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis pley-off mərhələsində ilk qalibiyyətin oyunçuların böyüməsi üçün önəmli olduğunu bildirib: "Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür rəqibə həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır".
Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib: "Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Məsuliyyətli futbolçulardır".
Baş məşqçi rəqibin aqressiv pressinq etdiyini vurğulayıb: "Bu səbəbdən uzun toplar üzərində çox çalışmışdıq. Onların hücumda potensialı çox yaxşıdır".
Mütəxəssis qapıda Luka Quqeşaşviliyə şans verilməsi barədə də danışıb: "Matçlardan əvvəl oyunçuların psixoloji durumuna baxırıq. Amin Ramazanovda həyəcan bir az çoxalırdı. Ona güvənirik. Növbəti görüşlərdə oynamaq ehtimalı çoxdur. Bəzi xırda detalları deməmək daha doğru olar".
Qurbanov penaltini boşa verən Ramil Şeydayevin psixoloji durumunun normal olduğunu deyib: "Futbolda belə hallar olur. Məncə, bunun qarşıdakı matçlarda Ramilə faydası olacaq".