"Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar. Son turda gözlənilməz və məyusedici şəkildə udumuşduq. "Qarabağ" isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis minimal hesablı məğlubiyyəti belə şərh edib: "Matça istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından bir xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir. Xala layiq idik, amma uduzduq".
Baş məşqçi Toni Qomeşi ehtiyatda saxlamasını belə izah edib: "İki-üç futbolçumuz var ki, onları əsas heyətdə meydana buraxmaq istəyərəm. Amma rəqabətdir. Hansısa futbolçuya keyfiyyətinə görə üstünlük verirsən. Bu gün Rüstəmə üstünlük verdik. İkisi arasında seçim edirdik. Toni solda daha effektivdir. Orada rəqabət yüksəkdir. Toniyə daha çox şans vermək istəyirəm. Məşqlərdə də özünü yaxşı göstərir. Oyun elə gedirdi ki, dəyşiklik oyunu sındırardı. Ona görə sonda şans verdim. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Məcbur idik müdafiəni düşünüb, əks-hücumlarda rəqibi yaxalayaq. Eldar Quliyev epizoddan daha yaxşı istifadə etsəydi, qolla nəticələnərdi".
R.Sadıqov yeni transfer Eldar Quliyevin çıxışı ilə bağlı da fikirlərini bildirib: "Eldar hələ hazır deyil. Son rəsmi oyununu noyabrın sonunda oynayıb. Toplanış da keçməyib. Bu gün şans verdim ki, çempionatımızı hiss etsin. Hərəkətli futbolçudur. Hücumları yaxşı bacarır deyə fikirləşdim ki, həm müdafiədə, həm də əks-hücumlarda faydalı olar. Əslində, effekt vermişdi. Bəlkə də, qol epizodunda daha erkən zərbə vura bilərdi. Bu gün meydanda göstərdikləri məni sevindirdi".
Baş məşqçi bu mövsüm "Qarabağ"a qarşı ən yaxşı oyunlarını oynadıqlarını bildirib: "Bu il bir matçda böyük hesabla uduzmuşduq, birində də heç-heçə olmuşdu. Bu gün imkanlarımız da var idi. Əks-hücumlarımız olurdu. istifadə edə bilmədik. Son 7-8 oyunu yaxşı keçiririk. Bircə "Səbail"lə zəif idik. Söz vermişəm ki, danışmayacam. Səbrli olmalıyıq".
R.Sadıqov Eldar Quliyevin gələcəkdə yerli pasportla oynaya biləcəyi haqqında sualı da cavablandırıb: "Onu transfer etdikdə, özünə də demişdim ki, yerli gözü ilə transfer etmirəm. Bir ildir ki, istəyirdim onu. Sevinirəm ki, bizə gəldi. Azərbaycanı seçib oynasa, bir azərbaycanlı kimi məni sevindirəcək. Legioner kimi də oynasa, buna özü qərar verəcək. İstəyərəm ki, millimizdə oynasın. İstedadlıdır. Son illərdə onun kimi istedadlı oyunçuları milliyə qazandırmışıq. Eldarın da onlardan biri olmasını istəyərdim".