“Birinci hissədə vəziyyət fərqli alına, böyükhesablı qələbə qazana bilərdik”.
Sportnet.az-ın məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfrasında deyib.
Əhmədov küləkli havanın oyunlarına təsir göstərdiyini bildirib: “İki fərqli hissə izlədik. Külək həm bizim, həm də rəqibin planlarına problem yaratdı. Ümumilikdə “Turan Tovuz”la oyundan sonra çalışırdıq ki, həm komandanı psixoloji gərginlikdən çıxaraq, həm də stabillik yaradaq və ardıcıl bir neçə qələbə qazanaq. “Şamaxı” üzərində qalibiyyət motivasiyamızı bir qədər artırmışdı. Bu gün də var gücümüzü meydanda qoyduq”.
52 yaşlı mütəxəssis qazanılan qələbənin önəmindən bəhs edib: “Komanda olduqca intizamlı oyun sərgilədi. Hücumda qol imkanlarından maksimum dərəcədə yararlanmaq istəyirdik. Bunun öhdəsindən layiqincə gəldik. Bu gün əldə edilən 3 xal həm turnir cədvəli, həm də qarşıdakı matçlara həvəsli hazırlaşmaq baxımından vacib idi. Bizi dəstəkləyən azarkeşlərin hamısına təşəkkür edirəm”.