
AFFA İntizam Komitəsinin (İK) "Sabah"ın U-19 komandasının baş məşqçisi İqor Ponomaryova verdiyi cəzanın gec açıqlanması müzakirələrə səbəb olub.
Sportnet.az xəbər verir ki, 63 yaşlı mütəxəssis "report"a açıqlamasında artıq cəzasını çəkdiyini və diskvalifikasiya müddətini başa vurduğunu söyləyib.
Məlumat üçün bildirək ki, Ponomaryov fevralın 19-da Gənclər Liqasında "Kəpəz"ə qarşı XXIII turdan təxirə salınmış matçın 90-cı dəqiqəsində hakimlərə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Əslində burada məsələ veteran futbolçunun diskvalifikasiya olunması deyil, qərarın bu qədər gec açıqlanmasıdır. Çünki İK "Sabah"ın əsas komandasının baş məşqçisi Murad Musayevin evdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyununda (19 fevral) texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsinə daha qısa zamanda hüquqi qiymət verərək, rusiyalı mütəxəssisi 2 oyunluq cəzalandırıb.
Məsələyə aydınlıq gətirmək üçün İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. O, "Report"a açıqlamasında səbəbi bu cür izah edib: "Komitənin iclası nə vaxt keçirilirsə, qərar da o vaxt verilir. Dəqiq səbəbi bilmirəm, amma ola bilər, raport bizə vaxtında göndərilməyib. Digər tərəfdən, iclasın vaxtı işin çoxluğundan dəyişə də bilər. Bəzən mübahisəli məsələ ilə üz-üzə qalırıq və onu həll etmək üçün müəyyən qədər vaxt tələb olunur".