
Rusiya millisi İraq yığması ilə yoxlama oyunu keçirəcək.
Sportnet.az sport24.ru-ya istinadən xəbər verir ki, bu məlumatı İraq milli futbol komandasının sözçüsü Məhəmməd İmad təsdiqləyib. O, bildirib ki, martın 26-da Sankt-Peterburqda, "Qazprom Arena" stadionunda Rusiya millisi ilə yoldaşlıq oyunu keçiriləcək.
Bundan əvvəl Rusiya və İraq arasında Soçidə matç oynanıla biləcəyi barədə məlumat yayılmışdı. Valeri Karpinin baş məşqçilik etdiyi komanda martda İran yığması ilə də qarşılaşacaq. Görüş martın 23-də Tehranda baş tutacaq.
Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Komanda DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.