"Belçikalı futbolçular Avropaya yayılıb. Burada insanların böyük futbol ehtirası var. DÇ-2022-dəki uğursuzluqdan sonra hər şeyə yenidən başlamaq mənim üçün çox cəlbedicidir".
Sportnet.az xəbər verir ki, bu sözləri Avro-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko deyib.
37 yaşlı çalışdırıcı komandanın liderlərindən olan Kevin de Brüynedən də danışıb: "O, ən yaxşı oyunçularımızdandır. De Brüynenin komanda yoldaşları ilə söhbəti çox vacibdir. Yaxşı əhvalda olanda komandanı özünə çəkir və arxasınca aparır. Tam motivasiyalı və yaxşı formada olan bir De Brüyne istəyirik. O, komandanın sütunudur".
Qeyd edək ki, Belçika millisi Avro-2024-ün seçmə mərhələsində yığmamızla yanaşı, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Millimizin Belçika ilə ilk oyunu sentyabrın 9-da Bakıda olacaq.