“Düşünmürəm ki, komandam pis oynadı. Fasilə dönəmində milli komandanın oyunçuları bizimlə deyildi. Həm də iki mərkəz yarımmüdafiəçimiz sıralarımızda deyildi".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Mİsli Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis hücumları bitirmə zonasında daha diqqətli olmalarının vacibliyini bildirib: "Daha çox qollar vurmalıyıq. Çünki epizodları qola çevirmədikdən sonra qollar buraxa bilərik. Qarşıda bizi çətin ay gözləyir. Çoxlu və vacib oyunlar var. Qarşıdakı zamanda daha diqqətli olmalıyıq. Məncə, komandam yaxşı oynayır".
Baş məşqçi Azərbaycan millisinin oyunu zamanı zədələnən Eddi İsrafilovun durumu barədə də danışıb: "Eddi mövsümün son oyunlarında bizə kömək edə biləcək. Özü də buna inanır. Bu mövsüm bitdikdən sonra o, əməliyyat keçirə bilər. Artıq bizim fiziki hazırlıq məşqçimizlə məşqə başlayıb. Ümid edirəm ki, tezliklə sıralarımıza dönəcək".
Regekampf yığmanın probleminin fiziki hazırlıqla bağlı olmadığını söyləyib: "Məncə, oyunçularım yaxşı formadadır. Millinin komandanın heyətinə nəzər salsaq, orada “Qarabağ”, “Sabah” və “Neftçi”dən oyunçular var. Fikrimcə, Azərbaycan milli komandasının problemi başqadır. Əminliklə deyə bilərəm ki, oraya gedən futbolçuların hər biri yaxşı formada olurlar”.