Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin evdə "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın XXXII tur oyunundan öncə rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçunun xorvatiyalı mütəxəssislə səmimi münasibəti konyalı azarkeşlərin marağına səbəb olub.
Məsələni araşdıran "yenihaberden.com" saytı Byelitsanın ölkəsinin "Osiyek" klubunun sükanı arxasında olarkən təcrübəli forvardı komandasında görmək istədiyini, hətta oyunçuya təklif göndərildiyini, amma razılıq əldə olunmadığını yazıb.
Bu arada, "Trabzonspor"la matçın 71-ci dəqiqəsində xəbərdarlıq alan Emreli sarı vərəqə limitindədir. Hücumçu XXXIII turun "Alanyaspor"la səfər oyununda analoji cəzaya məruz qalarsa, növbəti görüşü buraxacaq.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsusdur "Report").