“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.
Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.
Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.
Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.
Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) 4:0
Qol: Abdulla Zubir, 7. Bəhlul Mustafazadə, 45+1. Redon Cica, 49. Yankoviç, 62
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu