Avropa çempionatının (AÇ) 1/4 final mərhələsində rəqib olan Rusiya və Azərbaycan futzal yığmaları tarixlərində 3-cü dəfə görüşəcək. Sportnet.az-ın məlumatına görə, qonşu ölkələrin millilərinin əvvəlki 2 qarşılaşması 2012-ci il dünya çempionatının pley-off mərhələsində olub.
Həmin ilin martın 27-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən ilk matç qonaqların 3:2 hesablı qələbəsiylə nəticələnib. Aprelin 9-da Tümendə Mərkəzi İdman Kompleksində keçirilən cavab oyunu isə 2:2 hesablı heç-heçəylə bitib. İki oyunun nəticəsinə görə 5:4 hesabıyla qalib gələn ruslar həmin ilin payızında Tailandda keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Millimiz isə tarixində ilk dəfə belə mötəbər turnirin bir addımlığında olsa da, bu şansı əldən verib. Həmin vaxt Rusiya yığmasına qarşı oynayan futzalçılarımızdan kapitan Rizvan Fərzəliyevlə Vitali Borisov indi də heyətdədir. Sadəcə, Rizvan 3 il öncə cəza üzündən yığmamıza kömək edə bilməmişdi.
Ruslara təkcə yığma, klub səviyyəsində də rəqib olmuşuq. Bu, 2014-cü ilin noyabrın 19-da Çexiyanın Pardubiçe şəhərində UEFA kuboku matçı olub. Maraqlıdır ki, həmin vaxt da şimal qonşularımızın bizdən üstünlüyü hesabda 5:4 öz əksini tapıb. Göründüyü kimi, ruslar hələ ki onlara qalib gəlmədiyimizdən bizim üçün arzuolunmaz rəqib sayılır. Azərbaycan və Rusiya yığmaları yenə ayın 9-da görüşəcək. Ancaq Tümendə olduğu kimi aprelin 9-da yox, bu dəfə fevralın 9-da Belqradda.
Mehman SÜLEYMANOV