Futzal üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Kolumbiyada start götürəcək dünya çempionatındakı oyunlarının vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, F qrupunda çıxış edəcək milli ilk olaraq Mərakeş yığması ilə üz-üzə gələcək.
Qarşılaşma yerli vaxtla sentyabrın 12-si saat 18:00-da (Bakı vaxtı ilə 13 sentyabr saat 03:00) başlayacaq. Millinin qrupdakı növbəti oyunu İspaniyaya qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr saat 03:00) start götürəcək. Sonuncu oyun isə sentyabrın 18-də İran yığmasına qarşı olacaq. Həmin görüşün başlama vaxtı da yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 19 sentyabr, 03:00) təyin edilib.
Reqlamentə əsasən hər qrupda ilk iki pillənin sahibləri və ən yaxşı nəticə ilə 3-cü yeri tutmuş 4 komanda 1/8 finala yüksələcək. Bu mərhələnin oyunları 20 - 22 sentyabrda keçiriləcək.
1/4 final mərhələsinin oyunları 24-25 sentyabrda olacaq. Bir günlük fasilədən sonra - 27-28 sentyabrda yarımfinal görüşləri baş tutacaq. Oktyabrın 1-də isə dünya çempionu müəyyənləşəcək.
Qeyd edək ki, həm İspaniya, həm İran, həm də Mərakeş müvafiq olaraq, Avropa, Asiya və Afrikanın son çempionlarıdır