Bu yaxınlarda Anna Pavlova Azərbaycana idman gimnastikası üzrə Avropa çempionatında medal qazandıran ilk idmançı kimi tarixə düşüb. Azərbaycan vətəndaşlığını qəbul etmiş rusiyalı gimnast "Sport-Ekspress”ə müsahibə verib. Sportnet.az həmin müsahibəni bəzi ixtisarlarla diqqətinizə çatdırır.
- 2004-cü ildə Rusiya yığmasının heyətində Olimpiya oyunlarında 3 bürünc medal qazandınız. 2006-cı ildən bəri isə ümumiyyətlə, fəxri kürsüyə yüksəlmirdiniz. Qitə birinciliyinin fəxri kürsüsünə yüksələrkən hansı hisləri keçirdiniz?
- Təəccüb! Yarışa pis hazır idim, uzun müddət ciddi turnirlərdə iştirak etməmişdim. Pekin Olimpiadasından sonra yalnız 2 dəfə dünya kuboklarında iştirak etmişdim. İlk dəfə bu hal hələ Rusiyanın şərəfini qoruyanda baş vermişdi. Elə orda da zədələnmişdim... Bir müddət öncə Sloveniyanın paytaxtı Lyublyanada da analoji turnirə qatıldım. Ancaq bu dəfə Azərbaycan bayrağı altında. Lakin ayaqlarım möhkəm ağrıdığından, çıxış edə bilmədim. Deyərdim ki, Avropa gümüşünü əvvəlki idman ehtiyatlarımın hesabına qazandım. Ümid edirəm ki, bu, hələ başlanğıcdır və gələcəkdə artıra biləcəm. Dünya çempionatına sıçrayışın mürəkkəblik dərəcəsini artırmaq lazımdır.
- Vətəndaşlığı dəyişmək nə dərəcədə çətin oldu?
- Rusiya yığmasının heyətinə düşmək daha çətin idi. Məsul yarışlarda yığma üzvlərinin sayı 6-dan 5-ə endirilib. Mən isə cəmi bir növdə özümü güclü sayıram, digərlərində hələ ki, işləmək bir qədər ağırdır. Məşqçilər zədələrimi nəzərə alaraq, hansısa turnirə aparmağa çəkinirdilər. Elə özüm də bəzən qorxuram (gülür - red.). Axı yaşadığım zədədən sonra dünya gimnastikası tarixində heç kim böyük idmana qayıtmayıb.
- Dizinizdən zədlənmişdiniz, deyilmi?
- Çarpaz və yan bağlarım yırtılmışdı, habelə meniskdən zədələnmişdim. Ancaq ən dəhşətlisi o oldu ki, bərpa olunub qurtarmamış yenidən zədələndim. Tamamilə təsadüfən: duşdan çıxarkən, pilləkəndən yıxıldım. Plastik əməliyyat qaçılmaz oldu. İndi bağlarım yivlə bərkidilib. Hər şey qorxulu və ciddidir. Ancaq başa düşürəm ki, bu, ən pis hal deyil. Bir tanıdığım akrobat oğlan var idi. Boynunu 18 yaşında ikən sındırmışdı. Yenidən yeriməyə öyrənirdi. Mən də ayağımın dərdini çəkirəm! Buna görə də qarşıma məqsəd qoymuşdum – bərpa olunub yenidən idman səhnəsinə qayıtmaq. Nəzərə alsaq ki, tibb elmi indi olduqca yüksək səviyyədədir, əsas – istəkdir!
- Əlinizdə tutduğunuz medal bunun əyani sübutudur...
- Elədir, ancaq etiraf edim ki, çox qorxuram. Səhv etməyə ixtiyarım yoxdu. Elə bu səbəbdəndir ki, adi məşqlər xeyli emosional enerjimi aparır. Hər dəfə maksimal konsentrasiyamı işə salmalısan. Əks halda, ağrılar qaçılmazdır. Ağrılarla iş bitsə, nə dərdim!? Hələ fəsadlardan danışmıram. Ancaq bütün yaşlı idmançılar məhz belə şəraitdə məşq edirlər. Axı yaşa dolduqca zədələrin sayı azalmır, elə enerjin də artmır.
- Rusiya yığmasının məşqçilər heyətindən küsməmisiniz?
- Özümə söz vermişəm ki, bu siyasətə ümumiyyətlə, baş vurmayacam... Məni buraxdıqlarına görə onlara minnətdaram. Çünki yeni yığmada gimnastların qarşısına tam fərqli vəzifələr qoyulur. Ola bilsin ki, Rusiyanın şərəfini qorusaydım, mənə emosional planda daha ağır olardı. Çünki belədə, bütün turnirlərdə özümü yalnız qələbəyə kökləməli olacaqdım. Azərbaycanda isə işlərimiz qaydasındadır, əla və mehriban komandamız var.
- Hansılar ki, bütünlüklə keçmiş rusiyalı gimnastlardan ibarətdir?
- Bəli, bütün qızlarımız ruslardır. Maşa Smirnova, Marina Nekrasova və Yuliya İnşina. Maşa və Marina üçün Rusiya yığmasının heyətinə düşmək qeyri-mümkün görünürdü. Yuliya isə Rusiya yığmasının heyətində dünya çempionatına yollanmışdı, hətta dayaq növündə finallara qatılmışdı, olimpiadaya hazırlaşırdı. Lakin sonradan belindən ağır zədə aldı. Hətta karyerasını bitirmək barədə qərar qəbul etdi. Lakin aldığı təklifdən sonra fikrindən daşındı.
- Azərbaycan yığmasına keçidinizin təşəbbüskarı kim oldu?
- Bu komandanı toplamağa kimin qərar verdiyini dəqiq deyə bilmərəm. Anama da zəng edirdilər, mənə də. Xeyli götür-qoy etdikdən sonra, razılaşdıq. Açığı, seçimimdə gələn il Bakıda keçiriləcək Avropa Oyunları da əhəmiyyətli rol oynadı. Bundan əlavə, 17 il idi ki, Azərbaycanda qadın idman gimnastikası yox idi – indi bu növ simurq quşu kimi alovun içindən dirçəlir. Hələ SSRİ dönəmində karyeralarına start vermiş gimnastlar tədricən idmandan gediblər, məşqçi də xaricə üz tutub. Beləcə, idman gimnastikası Azərbaycanda yox olub. Hətta zal da yox idi...
- Bəs indi harada məşq edirsiniz?
- Moskvada. Bakıdakı zalın tikintisi başa çatmaq üzrədir. Siftəni bədii gimnastlar edəcəklər – Avropa çempionatı Bakıda təşkil olunacaq. Həmin yarışdan sonra isə biz Azərbaycandakı zala köçəcəyik.