
Belarusdan olan bədii gimnast avqustun 27-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək "Gracia Cup" turnirinə buraxılmayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə lentlə hərəkətlərdə 2021-ci il dünya çempionatının qalibi, çoxnövçülük üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özünün instaqram səhifəsində paylaşım edib.
O, iki gün davam edəcək turnirə qatıla bilməyəcəyi üçün azarkeşlərdən üzr istəyib: "Master-klassım ləğv olunacaq. Sizinlə görüşməyə hazırlaşırdım və bunu səbirsizliklə gözləyirdim. Bu, mənim günahım deyil. Ən yaxşısını arzulayaraq, bərpa prosesini və məşqləri davam etdirəcəyəm".
Qeyd edək ki, Macarıstan Gimnastika Federasiyası hər hansı qadağanın olmamasına rəğmən, Belarus milli komandasının "Gracia Cup" turnirində iştirakına icazə verməyib.