1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Builki sorğu ölkəmizin idman həyatındakı uğurlarıi maksimum əhatə edən ilk və yeganə layihə olub"
Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, "Demirchi Tower”də təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə İAM-ın rəhbəri Elşən Məmmədov açaraq iştirakçıları salamlayıb.
Əziz qonaqlar! Dəyərli Həmkarlar! Hörmətli İlin Qalibləri!
Dəvətimizi qəbul edərək, İdman Araşdırmalar Mərkəzinin ardıcıl 2-ci ildir həyata keçirdiyi İlin Qalibləri layihəsinin yekunlarına həsr olunmuş mərasimdə salamlayır, ilin son günlərində qiymətli vaxtınızdan ayıraraq, tədbirimizə təşrif buyurduğunuz üçün hamınıza dərin minnətdarlığımızı bildiririk. 3 ilə yaxındır fəaliyyət göstərən İdman Araşdırmalar Mərkəzi Azərbaycanda Olimpiya Hərəkatı və idmanın inkişafına dəstək məqsədilə yaradılıb. Fəaliyyət dairəsinə uyğun olaraq, təşkilatımız bir sıra layihələr – müsabiqələr, treninqlər və digər tədbirlər həyata keçirib. Təbii ki, ən böyük layihəmiz bu il mayın 13-dən fəaliyyətə başlayan və qısa müddətdə idman mətbuatı arasında özünəməxsus yeri ilə seçilməyi bacaran "sportnet.az” idman agentliyidir.
İlin Qalibləri layihəsi isə ardıcıl 2-ci ildir həyata keçirilir. Bu layihə idman jurnalistləri arasında müxtəlif nominasiyalar üzrə aparılan sorğunun qaliblərinin mükafatlandırmasını nəzərdə tutur. Ötən ilin sonlarında 7 nominasiya üzrə qaliblər 34 KİV-in idman yazarları arasındakı sorğu nəticəsində mükafatlandırılmışdı. Həmin vaxt İlin Qalibləri layihəsinin ənənəvi xarakter alacağını və get-gedə təkmilləşəcəyini bildirmişdik. Xoş haldır ki, sizin də dəstəyinizlə istəyimizə artıqlaması ilə nail olduq. Təsadüfi deyil ki, bu dəfə İlin Qaliblərinə yeni nominasiya əlavə olunub və sorğu 41 media orqanını əhatə edib.
Hər ilin sonlarında yüksək nailiyyətlər əldə edən müxtəlif təşkilatlar və ayrı-ayrı şəxslər seçilir, mükafatlandırılırlar. Çox xoş haldır ki, İdman Araşdırmalar Mərkəzinin builki sorğusu ölkəmizin idman həyatındakı uğur və nailiyyətləri maksimum əhatə edən, sistemləşdirən ilk və yeganə layihə olub. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu il heç bir qurum bu qədər nominasiya üzrə və belə çoxsaylı respondent arasında qaliblərin seçimi məqsədilə sorğu aparmayıb, onları mükafatlandırmayıb. Bu faktın özü bir tərəfdən, İdman Araşdırmalar Mərkəzinin səmərəli işinin göstəricisidirsə, digər tərəfdən, idman mətbuatımızın, idman jurnalistlərimizin çevikliyinin və sahə mətbuatı kateqoriyasının hüdudlarını aşaraq, ölkəmizin idman uğurları ilə bərabər addımlamasının təcəssümüdür.
2014-cü ildə də Azərbaycanın idman həyatı yüksək nailiyyətlərlə zəngin olub, ötən illə müqayisədə qazanılan medalların sayı artıb, idman infrastrukturunun daha da möhkəmlənməsi istiqamətində zəruri addımlar atılıb. Bir qədər sonra keçiriləcək mükafatlandırma mərasimi isə görülmüş işlərə idman jurnalistləri tərəfindən verilən qiymətin əyani təzahürü olacaq. Mükafatlandırma nəticəsində hamı sorğunun obyektivliyinə, jurnalist həmkarlarımızın idman uğurlarımızı nə dərəcədə yüksək dəyərləndirdiklərinə şahid olacaq. Verilən qiymətlər arasında ən diqqətçəkəni isə təbii ki, "Qarabağ”la bağlıdır. Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanı uğurla təmsil edən, hakimlərin kobud səhvi nəticəsində mübarizəni dayandırmalarına rəğmən, komandanın rəhbərliyindən tutmuş futbolçularınadək ən yüksək qiymətə layiq görülüblər. Eyni zamanda ölkəmizin bayrağını qaldıran, himnini səsləndirən idmançılarımız, idman sahəsindəki çoxşaxəli fəaliyyəti ilə seçilən idman xadimlərimiz, eləcə də idmandakı prosesləri izləyən, işıqlandıran və təhlil edən həmkarlarımızın əməyi də dəyərləndirilib.
Bu il həm də "Bakı-2015” I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövrü olub. Gələn il isə daha məsuliyyətli və daha şərəfli səhifə açılacaq. Biz də bir idman jurnalisti, idmanla bağlı təşkilat, ən əsası, bir vətəndaş olaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması istiqamətində yenə əlimizdən gələni edəcəyik.
Diqqətinizə görə minnətdaram...