AFFA-nın baş katibi Elxan Məmmədovun Sportnet.az-a müsahibəsi
- İlk dəfə ölkəmizdə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilir və tanınmış simalar burada çıxış edir. Ümumiyyətlə forum barədə nə deyə bilərsiniz?
- İlk dəfədir ki, Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilir və həmin beynəlxalq status qazanmaq bizim üçün çox vacibdir. Artıq bu forum UEFA tərəfindən də tanınır. Forumun açılışında da UEFA baş katibinin videomesajı səsləndi. Buna görə də UEFA-ya minnətdarıq. Əlavə olaraq, Canluka Zambrottanın buraya gəlməsi çox vacib amil idi. Ümumiyyətlə, dünya çempionunun, bir ulduzun bu forumun səfiri olması bizi çox sevindirir. Buna görə də Zambrottaya xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycanda futbol könüllülüyü 2012-ci ildə 17 yaşadək qızlar arasında keçirilən futbol üzrə dünya çempionatından başlayıb. Bundan sonra beynəlxalq oyunlarda da könüllülər AFFA-ya çox yaxındır. Ona görə də biz düşündük ki, belə bir təşəbbüs irəli sürək və həmin forumu Azərbaycanda keçirək. Onu da xüsusilə qeyd etmək lazımdır ki, forumda çıxış edənlər və müxtəlif panellərin aparıcıları əcnəbi qonaqlar, təcrübəli volontyorlardır. Onlar müxtəlif ölkələrdəndir və tələbələrlə sıx əlaqədə işləyirlər. Bir günlük tədbirin sonunda deklarasiya imzalanacaq və UEFA-ya, FİFA-ya, həmçinin üzv olan 54 Avropa ölkəsinin federasiyalarına göndəriləcək.
- Bakının 2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi etmə şanslarını necə dəyərləndirirsiniz?
- Artıq 2020-ci il Avropa çempionatı ilə bağlı 19 şəhər namizədliyini irəli sürüb və bu, UEFA tərəfindən təsdiqlənib. Son mərhələ olaraq sentyabra qədər araşdırmalar gedəcək, sənədlər izlənəcək, təhlillər aparılacaq. Təbii ki, xüsusi qrup Bakıya və digər 18 şəhərə səfər edəcək. Burada təqdim olunan yazıların düzgünlüyü yoxlanılacaq, dövlət nümayəndələri ilə görüşüləcək və stadionları, yolları, hava limanlarını və s. izləyəcəklər. Bundan sonra sentyabrda yekun qərar qəbul olunacaq. İstəyirik ki, Bakı 13 Avropa ölkəsinin paytaxtları arasında olsun. Bu, ölkəmiz üçün möhtəşəm bir hadisə olar. Bunun üçün də biz əlimizdən gələni edirik.
- Ümumiyyətlə, federasiya olaraq bunun reallaşmasına nə qədər ümidiniz var?
- Biz ümid edirik və bütün gücümüzü qoymuşuq ki, Bakı 13 Avropa paytaxtı arasında olsun. Ümidimiz olmasaydı, buna heç başlamazdıq. Təbii ki, tək ümidlə də iş alınmır. Ümidin arxasında böyük iş də olmalıdır. Artıq işimizi düzgün qurmuşuq. Biz cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. O, xüsusi sərəncam imzalayıb və təşkilati işlər AFFA-ya tapşırılıb. Biz də dövlətin dəstəyini UEFA-ya çatdırmışıq. Bu sərancamdan sonra UEFA gördü ki, namizəd şəhər olaraq ölkə başçısı dəstək verir.
- Azərbaycan millisinin Norveçlə keçirəcəyi matçın yeri məlumdur?
- Bu barədə hələ ki, qərar qəbul olunmayıb. Bildiyiniz kimi, ilk oyunumuzu Bolqarıstana qarşı keçirəcəyik. Həmin görüş də "Bakcell Arena”da baş tutacaq. Amma Norveçlə oyunun yeri hələ ki dəqiqləşməyib.
- Millimizin ABŞ-la qarşıdakı yoxlama oyunundan nə gözləyirsiniz?
- Bu seçmə mərhələ qarşılaşmalarından öncə keçiriləcək son səfər yoldaşlıq oyunudur. Bizim üçün çox vacibdir ki, belə bir ölkə ilə, belə bir yığma komanda ilə danışıqlarımız uğurlu alındı və bu oyun təşkil olunacaq. Bəs nəyə görə ABŞ? Çünki ABŞ, İtaliya, Xorvatiya kimi ölkələrin milliləri dünya çempionatına vəsiqə qazanıblar. Biz istəyirdik ki, dünya çempionatında çıxış edən güclü rəqibə qarşı gücümüzü sınayaq.
Elmar VƏLİYEV