
"Rəqib olduqca ciddi və Avropa təcrübəsinə malik komandadır. Bu, vaxtilə "Neftçi"nin 10 il öncə Çempionlar Liqasında qarşılaşdığı komanda deyil. Son illər Bosniya və Herseqovina futbolu böyük sıçrayışa nail olub. Bunun əyani sübutu kimi yığma komandalarının dünya çempionatına çıxmasını göstərə bilərik". Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Rail Məlikov deyib.
Təcrübəli müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə rəqib olan Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını elə ilk matçdaca ən azı 2 top fərqi ilə yenməyin vacibliyini vurğulayıb: "Cütlüyün taleyini Qəbələdə keçiriləcək ilk matçda həll etmək lazımdır. Ən azı, 2 top fərqi ilə qalib gəlməliyik ki, səfər görüşünə rahat yollana bilək".
Qeyd edək ki, "Qəbələ" "Şiroki Briyeq"lə ilk görüşünü iyulun 3-də evdə, cavab matçını isə iyulun 10-da səfərdə keçirəcək. Bu rəqiblə 2004-2005-ci il mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" üz-üzə gəlib. Səfər matçında flaqman 1:2 hesabı ilə uduzduğu halda, evdə 1:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.