
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv 2018-ci il dünya çempionatının seçmə mərhələsində düşdükləri qrupdan məmnun qalıb. Sportnet.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis bu barədə "Eurosport"a açıqlama verib. 
O, yaxşı rəqiblərin olduğu maraqlı qrupa düşdüklərini bildirib: "Aydındır ki, biz son dünya çempionu kimi ilk növbədə qrup qalibi olmaq istəyirik. Biz həm də favoritik. Rəqiblərimizdən isə Çexiya, Norveç və Şimali İrlandiya çox ambisiyalıdır və son illər çox yaxşı nəticələr qazanıblar". 
Löv digər qrupları da dəyərləndirib: "Fransa, İsveç və Hollandiyanın yer aldığı C qrupu və İtaliya ilə İspaniyanın çıxış edəcəkləri G qrupu çox maraqlıdır. Bununla belə, biz qarşıdakı yarışlara köklənməliyik". 
Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşüb. 









                 





    
    
    
    
    
    
    
    
    






















































