"Hər şey qaydasındadır. Yerləşdiyimiz otel və səfərimizdən razıyıq. İnanıram ki, futbolçular vəziyyətə öyrəşib lazımi oyunu göstərəcək". Sportnet.az-ın məlumatına görə, bunu Şotlandiya "Seltik"inin baş məşqçisi Ronni Deyla "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.
O, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü haqda fikirlərini bildirib: "Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq qışda Şotlandiyada bu tipli qazonlarda oynamışıq. Mümkün qədər bütün problemlərin aradan qalxmasına çalışacağıq. Nəzərə alaq ki, rəqib də bizimlə eyni şəraitdə oynayacaq".
Deyla ötən il Çempionlar Liqasında çıxış edə bilmədikləri üçün bundan təəssüfləndiklərini söyləyib: "İndi isə Avropanın ən nüfuzlu klub turnirində çıxış etməkdə israrlıyıq".
Baş məşqçi "Qarabağ"ın texnikalı futbolçulara malik olduğunu, yaxşı oyun nümayiş etdirdiyini, buna baxmayaraq qələbə qazanmaq istədiklərini söyləyib: "Azarkeşlərimiz Çempionlar Liqasında çıxış etməyimizi istəyir və onlara bu sevinci yaşatmağa çalışacağıq".
Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq. İlk görüşdə "Seltik" qalib gəlib - 1:0.