"Nə qədər gizlətsək də, 10 aydır bu günü gözləyirdik. Düzdür, 0:6-nın əvəzini çıxa bilməzdik. Amma əzmkar mübarizə göstərmək istəyirdik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Xorvatiya ilə 0:0 hesablı heç-heçə etdikləri AVRO-2016-nın seçmə qrup matçından sonra deyib.
O bildirib ki, bir il öncə Osiyekdə böyük hesabla uduzduqları matçdan sonra bütün azarkeşlər millidən incimişdi. Sadıqov səfərdəki uğursuzluğu az da olsa, unutdurmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb: "Fikrimcə, komandamız sonadək mübarizə apardı. Ola bilər ki, bəzi şeylər alınmadı, bu da təbiidir. Çox güclü komandaya qarşı oynayırdıq. Amma çox şükürlər olsun ki, uduzmadıq, 1 xal qazandıq".
Təcrübəli müdafiəçi oyundan sonra heç-heçəyə hədsiz sevinməsinin səbəbini də izah edib. Sadıqov bunu karyerasının son dövrünə qədəm qoyması ilə əlaqələndirib: "Artıq 33 yaşım var. Bilmirəm mənə gələcəkdə oynamaq qismət olacaq, ya yox? Hələ bu haqda qərar verməmişəm. Amma başa düşürəm ki, hər şeyin axırına gələndə daha şirin olur. Elə bilirsən ki, sabah nəyisə itirəcəksən, bu gün onun qədrini bilmək istəyirsən. Hər bir xal, hər bir nəticə mənim üçün çox önəmli, çox vacibdir. Ona görə də çox sevincli idim. Şükürlər olsun ki, belə bir sevinc də qismət oldu".
Sonda kapitan komanda yoldaşı Arif Daşdəmirova çoxlu irad bildirməsinə dair sualı cavablandırıb: "Bilirdim ki, oyundan sonra bu sual mənə veriləcək. Yox, irad bildirmirdim. Sadəcə, söz deyirsən, azarkeşlərin səsindən eşidilmir. Nəticədə emosional görüntü yaranır. Başqa ciddi bir şey yox idi. Arif də mənim qardaşımdır".