AVRO-2016-nın seçmə mərhələsində 8 oyuna əldə etdiyi 8 xal Bolqarıstan milli komandasına ən azı 2 milyon leyə (təqribən 1 milyon avroya) başa gəlib.
Sportnet.az-ın məlumatına görə, bu, "Bolqariya Dnes" ("Bolqarıstan bu gün") nəşrinin apardığı hesablamalar nəticəsində müəyyənləşib.
"Şirlər"in təkcə təlim-məşq toplanışları və oyunlarda iştirakı 1,9 milyon leyə başa gəlir. Qalan məbləğ nümayəndə heyəti üzvləri və digər ziyarətçilərin sayının nəzərdə tutulandan çox olması səbəbindən yaranır. Üstəlik, İvaylo Petevin rəhbərlik etdiyi məşqçilər heyətinə də əmək haqqı ödənilir.
Ödənişlərin böyük hissəsi yığmaya çağırılan futbolçulara edilir. Onlar hərəyə ən azı 1000 avro sutkalıq alırlar. 8 oyun ərzində Bolqarıstan millisi 22 nəfərlik heyətlə üst-üstə 30 gün birgə olub ki, bu da 1,1 milyon levi keçir. Sofiyadakı "Vasil Levski" adına stadionun icarəsi 40 min levə başa gəlir. Bolqarıstan Futbol İttifaqı komandanın çarter reysi ilə səfər xərclərini də ödəməli olur. Bu məbləğ isə məsafədən asılı olaraq, 35 min - 50 min lev arasında dəyişir. İndiyədək "şirlər" Bakı, Valletta, Palermo və Osloya səfər ediblər. Qarşıda isə Zaqrebə uçuş olacaq. Təyyanin icarəsi isə üst-üstə 250 min - 300 min ley təşkil edir.
Bolqarıstanlı həmkarlarımız bu qədər xərc qarşılığında ölkə millisinin sona 2 tur qalmış 4-cü pillədə qərarlaşdığını xatırladır. Əvəzində Azərbaycan millisinin cəmi 2 xal geridə qalaraq, 5-ci yerdə getdiyi vurğulanır.
Qeyd edək ki, iki ölkə yığması arasında Bakıdakı ilk görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2. Səfər matçı isə oktyabrın 13-də Sofiyada olacaq.