
"İtaliya millisi həm müdafiədə, həm də hücumda yaxşı oynayırdı. Bu gün qalib gəlməkdə çətinlik çəkmədilər. Bu qarşılaşmada kiminsə səhvlərindən və kiminsə yaxşı tərəfdən çıxış etməsindən danışmaq istəmirəm”. Sportnet.az-ın məlumatına görə, bunu İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov deyib.
Təcrübəli müdafiəçisi istədikləri hücumları qura bilmədiklərini vurğulayıb: "Komanda şəklində məğlub olduq. Oyundan əvvəl hazırlaşdığımız taktikaları yerinə yetirə bilmədik. Müdafiə və yarımmüdafiədə topa nəzarət edirdik. İstədiyimiz hücumları qurmağı bacarmadıq. Uzaqdan qapıya zərbələr vurmağa çalışsaq da, rəqib buna imkan vermədi. Bu görüşdə sağ cinahımız daha fəal idi. Rəqibin oyunçuları ilk hissədə buraxdığımız səhvlərin 50 faizindən yararlanıb qollar vurdular. İtaliya yığmasının sırf ustalığı nəticəsində məğlubiyyətlə üzləşdik".
Stadiondakı ab-havadan məmnun qaldığını bildirən Sadıqov azarkeşlərlərə verdikləri dəstəyə görə minnətdarlıq edib: "Sadəcə nəticə əldə edə bilmədik ki, hər şeyi tamamlasın".
Kapitan millidəki 100-cü oyununda istədikləri nəticəni qazana bilmədiklərini söyləyib. O, İtaliya ilə ağır matçdan sonra çox yorulduqlarını və toparlanaraq, Bolqarıstanla son seçmə matça köklənmələrinin gərəkliyini dilə gətirib.
Qeyd edək ki, Azərbaycan millisi Bakı Olimpiya Stadionundakı ilk oyununda İtaliyaya 1:3 hesabı ilə uduzub.