
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yer aldığı AVRO-2016-nin 5-ci seçmə qrupunda mübarizəyə start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan, Türkiyə, Ukrayna, Bosniya və Herseqovina yığmalarının çıxış etdiyi qrupun bütün oyunları Bakıda keçirilir.
Baş məşqçi Nazim Süleymanovun komandası ilk turda Ukrayna ilə qarşılaşıb. "Bayıl Arena"da keçirilmiş görüşdə millimiz darmadağın olub. Qolların 4-ü də ikinci hissədə vurulub.
Günün ilk görüşündə isə Türkiyə yığması Bosniya və Herseqovinaya uduzub. Milllimiz növbəti oyununu noyabrın 12-də Türkiyəyə qarşı keçirəcək. 3 gün sonra isə rəqib Bosniya və Herseqovina millisi olacaq. Qrupdakı görüşlərdən 5-i "Bayıl Arena"da, sonuncu turun Ukrayna - Türkiyə qarşılaşması isə "Dalğa Arena"da baş tutacaq.
AVRO-2016, 5-ci qrup, I tur
14:00. Türkiyə - Bosniya və Herseqovina - 1:2
Qol: Özcan, 13 - Zinəddin Mustedanaqiç, 50. Amer Qojak, 79
Baş hakim: Nikolas Raynviy (Fransa)
Baş hakimin köməkçiləri: Frederik Haket (Fransa), Mübariz Haşımov (Azərbaycan)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Hakim-inspektor: Andrey Sipaylo (Latviya)
Bayıl stadionu
18:00. Ukrayna (U-19) - Azərbaycan (U-19) - 4:0
Qollar: Dmitri Şevçenko, 47. Aleksey Şebetun, 62. Aleksandr Pixalonok, 87-penalti ilə. Aleksey Qutsulyak, 90+4
Baş hakim: Tore Hansen (Norveç)
Baş hakimin köməkçiləri: Oysteyn İtterland (Norveç), Neeme Neemlayd (Estoniya)
Dördüncü hakim: Eyko Saar (Estoniya)
UEFA nümayndəsi: Marton Esterhazi (Macarıstan)
Hakim-inspektor: Stefen Qrem Bennett (İngiltərə)
Bayıl stadionu
Qeyd edək ki, reqlamentə əsasən, 13 qrupda ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda vəsiqə qazanacaq. Növbəti mərhələdə isə ən yüksək reytinqə malik İspaniyanın da iştirakı ilə 28 komandadan ibarət qrup oyunları keçiriləcək. Qrup qalibləri təşkilatçı ölkə Almaniyanın da iştirak edəcəyi və 11 - 24 iyul 2016-cı ildə keçiriləcək final mərhələsinə yüksələcəklər.