Bu gün futbol üzrə Azərbaycan milli komandası ilin son oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, yoldaşlıq görüşündəki rəqib Moldova yığması olub.
Oyun millimizin qələbəsi ilə yekunlaşıb - 2:1. Komandamızın ilk qolu rəqib futbolçu Katalin Karpın avtoqolu ilə qeydə alınıb. İlk yarının sonlarında Moldova millisi bərabərlik qolunu vursa da, fasilədən sonra Ağabala Ramazanov yığmamızın heyətində ilk qoluna imza ataraq, yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu Laşa Silaqavanın başçılığı ilə gürcüstanlı hakimlər briqadası idarə edib. Bu matça Azərbaycan millisi ciddi itkilərlə çıxıb. Kapitan Rəşad Sadıqov və AVRO-2016-nın seçmə mərhələsində 3 qolla yığmanın bombardiri olmuş Dmitri Nazarov zədə səbəbindən oynamayıb.
Yoldaşlıq görüşü hər iki komanda üçün FİFA reytinqində yüksəlmə baxımından xüsusi əhəmiyyət kəsb edib. Hazırda Azərbaycan millisi 293 xalla 115-ci, Moldova isə 177 xalla 114-cü pillədə qərarlaşıb.
Digər tərəfdən, Bakı Olimpiya Stadionu ikinci futbol matçına ev sahibliyi edib. Daha öncə bu arenada oktyabrın 10-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - İtaliya oyunu keçirilmiş, görüş qonaqların qələbəsi ilə yekunlaşmışdı - 3:1. Bu gün isə millimiz möhtəşəm arenada ilk qələbəyə imza atıb.
Qeyd edək ki, bu, Azərbaycan və Moldova milliləri arasında 9-cu qarşılaşma olub. Əvvəllər iki komanda DÇ-2002-nin seçmə oyunlarında 2, yoldaşlıq görüşlərində isə 6 dəfə üz-üzə gəlmişdi. Yoldaşlıq görüşlərində cəmi 1 dəfə qalib gələn bugünkü meydan sahibləri 1-i rəsmi matçda olmaqla, 3 dəfə uduzmuş, 4 oyunda isə qalib müəyyənləşməmişdi. Azərbaycan millisi Moldovaya 2-ci dəfə qalib gələ bilib.
Yoldaşlıq görüşü
17 noyabr
21:00. Azərbaycan - Moldova - 2:1
Qollar: Katalin Karp, 33 (avtoqol). Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 44
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)