
"Futbolçu var ki, 90 dəqiqə oynayır, amma..."
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun Sportnet.az-a müsahibəsi
- "Valletta ilə ilk oyun haqda nə deyə bilərsiniz?
- Kənardan asan görünsə də, "Valletta" ciddi rəqibdir. Hətta matçın ertəsi gün bərpa məşqinə başlamışdılar. Bu da komandanın peşəkarlığını göstərir. Onlar da bizə ciddi yanaşırdılar.
- "Qarabağ" Malta səfərindən minimal yox, daha böyük hesablı qələbə ilə dönə bilərdi?
- Bu, futboldur, böyük hesab da ola bilərdi. Ancaq futbolun gözəlliyi bundadır. Qol imkanlarından istifadə etsək, hesab böyük olardı. O demək deyil ki, hansısa komanda zəifdir və ya pis oynadı.
- Son mövsümdəki "Qarabağ"la bugünkü "Qarabağ" arasında hansı fərq var?
- Hələ ilk oyunumuza çıxdıq. Düşünürəm ki, yavaş-yavaş daha da yaxşı oynayacağıq. İlk oyun çətin olur.
- Start heyətində 3 yerli və 8 legioner futbolçu meydana çıxmışdı. "Qarabağ"ın qələbəsində əcnəbilərin rolu daha çox oldu, yoxsa yerli futbolçuların?
- Onları ayırmaq düzgün olmaz. Bizdə bir komandadır, hamı qələbə üçün çalışır. Bunun üçün fərq etməz. Əsas odur ki, "Qarabağ" uğur qazansın.
- Belə bir düşüncə var ki, bizim klublarımız yerli futbolçularla Avropada uğur qazana bilməz. Məsələn, "Qəbələ" yerlilərlə uğursuzluğa düçar oldu, ancaq "İnter" legionerlərlə qələbə qazandı. "Neftçi" də əsasən əcnəbilərə üstünlük vermişdi, daha sonra meydanda yerli futbolçular üstünlük təşkil edirdi...
- Məncə, bu yanlış fikirdir. "Qarabağ" həmişə az legionerlə oynayıb. Hətta "Rusenborq"u udanda, səhv etmirəmsə, bizdə yalnız Admir Teli vardı. "Qəbələ"nin avrokuboklarda ilk ili idi. Ola bilsin, komanda uyğunlaşmamışdı.
- Ancaq Avroliqa təcrübəsi olan "Neftçi" də məğlub oldu...
- "Neftçi"nin təcrübəsi var, amma legionerləri də var. Hələ ikinci oyunu qalıb. Ümid edirəm ki, "Neftçi" qələbə qazanaraq bu mərhələni keçəcək.
- O zaman Qurban Qurbanov nəyə görə heyətdə daha çox legionerlərə üstünlük verir?
- Heyət qurulanda 25-30 futbolçu olur. Baş məşqçi kimi uyğun hesab edirsə, onu da heyətə daxil edir. Bu gün belə məsləhətdir ki, baş məşqçi də bu cür heyət qurur.
- Əsasən əvəzetmədən oyuna daxil olursunuz. Bu nə ilə bağlıdır?
- 11 nəfər oynayır, ehtiyatda da kimsə olmalıdır. Hamı oynaya bilməz axı. Baş məşqçinin məsləhəti nədirsə, o da olacaq. Sabah start heyətində meydana çıxaracaq, mən də oynayacağam və ya hazır olmasam, heç bir dəqiqə də məni meydanda oynamağa qoymaz. Sadəcə, oyunun gedişatından çox şey asılıdır.
- Bəzi yerli futbolçularımız heç kimdən zəif olmadıqlarını, əsas heyətdə oynamaq istədiklərini deyir. Şəxsən Siz necə düşünürsünüz?
- Yox, mən belə düşünmürəm. Futbolçu var ki, 15 dəqiqə meydanda olur, amma 90 dəqiqə oynayandan daha çox xeyir verir. Futbolçu da var ki, 90 dəqiqəni oynayır, ancaq heç bir işə yaramır. "Qarabağ" kimi komandada ayrı-seçkilik yoxdur. Baş məşqçi necə məsləhət görürsə, elə də olur.
- Məlumdur ki, "Qarabağ"da oruc saxlayanlar çoxdur. Oruc saxlamaq necə təsir edir?
- Heç bir problemi yoxdur. Əvvəlcə daha tez idi. Oyundan sonra iftar açırdıq, indi isə 21:30-dadır, yəni iftardan sonra (gülür). Ancaq biz belə şeylərə fikir vermirik. Bunlar psixoloji məsələlərdir. Bu, səninlə Allah arasında olan münasibətdir. Kim oruc saxlayırsa, Allah qəbul eləsin.
- Belə söz-söhbətlər var ki, məhz iftardan sonra "Valletta" ilə oyuna çıxmaq üçün matçın başlanma saatı 21:30-a salınıb...
- Yox, yəni, bu, mənim işim deyil. Bu haqda nəsə deyə bilmərəm. Oyunu saat neçəyə təyin edirlərsə, biz də çıxıb oynayırıq.
- Növbəti rəqibiniz "Zalsburq" haqda nə deyə bilərsiniz?
- İnşallah mərhələ keçək, sonra bu haqda danışarıq. Arxı tullanmamış, "hop" demək olmaz. Bu, futboldur, hər şey ola bilər.
Rövşən ƏHLİMANOĞLU