AFFA-nın prezidenti Rövnəq Abdullayev əvvəllər rəhbərlik etdiyi "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində Sloveniya "Koper"i ilə ilk oyununa getməməsinin səbəbini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Abdullayev artıq bir klubu yox, bütün komandalarımızı dəstəklədiyini bildirib.
O deyib ki, rəhbərlik etdiyi Dövlət Neft Şirkətinin "Neftçi"nin sponsoru olması "ağ-qaralar"a azarkeşlik etməsi anlamına gəlməməlidir: "Mən artıq "Neftçi"nin yox, AFFA-nın prezidentiyəm. Bu klubun cavab oyunu çətin keçəcək. Amma mərhələ keçmək istəyirlərsə, vuruşmalı və qalib gəlməlidirlər. "İnter" isə ilk matçda qalib gəldiyindən, ev oyununda da uğur qazanmaq üçün yaxşı şans yaxalayıb".