"Allahın köməkliyi ilə yaxşı nəticə əldə etdik"
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Sportnet.az-a müsahibəsi...
- Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Zalsburq” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqda fikirləriniz...
- "Zalsburq”un oyunlarına baxmışam, həddindən artıq ciddi rəqibdir. Ayrı-ayrılıqda, fərdi baxımdan çox güclü oyunçuları var. Böyük ustalığa malik, çox sürətli və təhlükəli hücumlar qururlar. Hələ vaxtımız var. Bütün oyunlarına baxmağa, analiz etməyə çalışırıq. Düşünürəm ki, oyuna kimi düzgün təhlilimizi aparacağıq. Əsas odur ki, düzgün oyun quraq.
- Çoxları "Valletta”nı zəif rəqib hesab edirdi...
- Hazırda asan rəqib yoxdur. Çox uzağa getmək lazım deyil. Elə öz çempionatımıza baxaq. Liderlər autsayderlərə qarşı çətinlik çəkirdi, məğlub olurdu. Bu gün hətta kiçik dövlətlərdə belə futbola çox diqqət ayrılır. Malta da bu dövlətlər sırasındadır. Mən orda olanda buna şahid oldum. "Valletta”nın heyətində elə legionerlər vardı ki, yaxşı təsir bağışlayırdılar. Ancaq bu gün "Valletta” ilə "Zalsburq”u müqayisə etsək , Avstriya çempionu qat-qat üstün rəqibdir. Özümüz də "Valletta” ilə oyuna ciddi hazırlaşmışdıq. Allahın köməkliyi ilə yaxşı nəticə əldə etdik.
- Oyun baxımından komandanın ilk, yoxsa cavab qarşılaşmasından razı qaldınız?
- Nəticəyə baxsaq, hər iki oyundan razı qaldım. Hazırda komandada vəziyyət elədir ki, optimal formada deyilik. Bu da fasilərlərlə bağlıdır. 1 ay müddətində toplanışda olduq, futbolçular hələ ki fiziki yükləmələrdən qurtarmayıblar, indi biz onları azaltmağa başlamışıq. Belə məqşlərdən sonra hardasa 5-6 oyundan sonra komanda öz optimal gücünü tapmağa başlayır. Çatışmazlıqlar vardı. Ancaq çalışırıq ki, bu problemləri aradan qaldıraq. Oyuna gəldikdə, verdiyim tapşırıqları meydanda yerinə yetirməyə çalışırdılar. Yetirməyən futbolçular da oldu, hardasa etmək istədiklərini alındıra bilmədilər.
- Narazı qaldığınız futbolçuları komandadan göndərmək kimi bir fikriniz var?
- Xeyr. Bu, sadəcə, futbolçunun hazırki durumu ilə bağlıdır. Normal bir haldır: Bəzən toplanışlarda görürsən ki, hansısa futbolçu məşqləri tam keçə bilmir, kimdəsə zədə, kimdəsə başqa problem olur.
- Artıq ölkə çempionatının başlamasına az vaxt qalıb. "Qarabağ” isə avrokuboklarda çıxış edir. Hər iki cəbhədə mübarizə aparmaq komandanı çətin vəziyyətə salmayacaq?
- Düşünmürəm ki, çətinlik yaratsın. Əvvəllər istirahətə, fasilələrə diqqət edirdik. Get-gedə bu aradan qalxdı. Ötən mövsüm elə bir problemimiz olmadı. "Play-off" oyunlar ilə eyni vaxtda çempionat qarşılaşmalarına çıxdıq. Çalışdıq ki, hər bir futbolçu formada olsun. Əsas odur ki, mərhələ keçək, qalan şeyləri yoluna qoyarıq. Hazırda isə fikrimizi yalnız "Zalsburq”la oyuna yönəltmişik.
- "Qarabağ”ın heyətində hansı mövqedə oyunçu çatışmamazlığı var?
- Yaxşı oyunçu olsa, hansı məqşçi istəməz ki?! Bilsəm ki, hansısa oyunçu var və gətirsəm, komandama xeyir verəcək, əl çəkməzdim. Oyunlarımızın olmasına baxmayaraq, biz daim axtarışdayıq. Çatışmazlıqlar ola, sabah hansısa futbolçu ilə yollarımızı ayıra bilərik, bəlkə hansısa futbolçumuz başqa kluba keçə bilər. Buna görə əlimizdə variant olmalıdır ki, belə anlarda komandaya yeni oyunçu gətirə bilək.
- "Qarabağ”dan yaxın günlərdə transfer xəbəri gözləyək?
- Yox. Bu yöndə ciddi bir iş getmir.
- Yəni bu heyət sizi tamamilə qane edir?
- Pis deyil.
Röya KƏRİMLİ