”Khazar İslands" futzal klubunun prezidenti İbrahim Nehrəmlinin Sportnet.az-a müsahibəsi
- Klubunuzun planları nədən ibarətdir?
- Mən futzal komandası yaratmışamsa, birinci olmalıdır. İkinci olsa, bağlayacağam. Ona görə hər kəsin boynunda bir yük var. Birinci olmalıdırlar və bunun üçün məndən asılı nə varsa, hamısını edəcəyəm. Nə qədər oyunçu alsalar, pulunu verəcəyəm. Komanda üçün stadion da tikdirirəm, otel də. Məncə, oyunçularım ümidlərimi doğruldacaqlar. Necə ki, mən dövlətimizin ümidini doğrulduram. Turizmin inkişafı üçün nə lazımdırsa, edirəm. Bu gün idman sahəsində də çox böyük inkişaf var. Çalışacağıq ki, bu il yaxşı oynayıb, birinci olaq.
- Fasilə müddətində iddialı klublar xarici ölkələrə toplanışa gedirlər. Sizin belə planınız var?
- Onu da təşkil edəcəyik. Komanda yaxşı oynadığı təqdirdə, onlar üçün bütün qapılar açıq olacaq.
- Bu barədə işlər gedir?
- Bizim məqşçimiz Elnur Qəmbərov bu işləri idarə edir. Mən çox maraqlanmıram. Onlar nəyi məsləhət bilirlərsə, mən də edirəm.
- İş adamlarının çoxu böyük futbol klubları yaradırlar. Siz niyə futzalı seçdiniz?
- Mən balaca iş adamı olduğumdan, balaca işdən başlamışam. Böyük iş adamı deyiləm. Hələ ki milyonçuyam. Milyarder olanda, bu haqda düşünəcəyəm.
- Komandanız ötən mövsüm I divizionda çempion oldu. Bu mövsüm yüksək liqada məqsəd nədir?
- Keçən mövsüm mümkün 90 xaldan 86-nı topladıq. Uşaqlar çox yaxşı oynadılar. Bu il də necə lazımdır oynayacaqlar. Çünki nə qədər oyunçu deyiblər, hamısını almışam. Onların pis oynamağa ixtiyarları yoxdur.
- Bu gün Azərbaycanda futbola nisbətən futzala maraq azdır. Bu marağı insanlarda yaratmaq üçün hansısa tədbirlərə əl atacaqsınız?
- İlk olaraq çox böyük stadion tikdirirəm. Tərkibində uşaq futbol akademiyası da yaratmaq istəyirik. Ola bilsin ki, gələcəkdə biz də futbola keçdik. Ancaq ona da bir az zaman lazımdır. Balaca işdən başlayıb böyümək lazımdır. Nəinki yuxarılara əl atıb, oradan aşağı düşəsən. Mən enməyi sevmirəm. Mən elə yerə çıxıram ki, orada qala bilim. Nə aşağı düşməyim, nə də çox yuxarı getməyim.
Röya KƏRİMLİ