
Avqustun 28-də "Neftçi" və Serbiyanın "Partizan" komandaları arasında keçiriləcək Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb. Sportnet.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Robert Şörgenhoferə Matias Vinsauer və Roland Brandner yan xətt, Dominik Uşan isə 4-cü hakim qismində yardımçı olacaqlar. Hakim-inspektor kimi Bakıya ötənlərin məşhur fransalı referisi Mişel Votro gələcək. UEFA nümayəndəsi isə belçikalı Kris Bellon olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ"ın Hollandiya "Tvente"si ilə səfərdə keçirəcəyi "pley-off" mərhələsinin cavab görüşünün hakimləri hələlik açıqlanmayıb. Yalnız kiprli Kostas Kapitanisin hakim-inspektor olacağı məlumdur. Azərbaycanlı hakimlərə isə bu dəfə də təyinat gəlməyib.