Futzal üzrə Azərbaycan milli komandasının və "Araz”ın sabiq baş məşqçisi Joze Alesio da Silva sports.kz-yə müsahibə verib.
- Joze, siz "Araz” və Azərbaycan yığmasının baş məşqçisi olmusunuz. "Kayrat”a isə ikinci məşqçi kimi gəlmisiniz...
- Mən 5 il Azərbaycanda işlədim. Son 3 ildə rəhbərlikdən işləri yaxşı təşkil etməyi, struktur qurmağı, infrastrukturu inkişaf etdirməyi, gəncləri yetişdirməyi xahiş etdim. Təəssüf ki, bu baxımdan irəliləyiş olmadı. Kakaudan onun köməkçisi olmaq təklifi gəldi. Onunla danışdıq və birgə işləməyə qərar verdik. "Kayrat”da klub strukturu qaydasına salınıb. Bu, bütün sahələrdə peşəkar klubdur.
- Siz Azərbaycan KİV-inə müsahibənizdə demişdiniz ki, orda qalacaqsınız...
- Orda qalmaq və daha da çox işləmək istəyirdim. Dediyim kimi, son 3 ildə mən daima rəhbərliyə deyirdim ki, struktur qurmaq, işləri yaxşı təşkil etmək, keyfiyyətli toplanışlar keçirmək lazımdır. Cavabında isə eşidirdim ki, gəl bunu sonra edək. Sabah isə nəticəyə görə mən cavabdeh idim.
- Azərbaycan Futzal Federasiyasının rəhbəri Zaur Axundov deyib ki, siz sadəcə ordan qaçmısınız...
- Mən iki dəfə ona yaxınlaşdım, dedim ki, "Kayrat”dan mənə təklif var. İki dəfə də bu cavabı eşitdim: sakitləş, get işini gör. Amma belə şərtlərdə mən artıq çox işləyə bilməzdim. Hər il komandadan oyunçular gedir və hər il yeni komanda qurmaq lazım gəlirdi. Bu da vaxt aparırdı. "El-Poso”, "Barselona”, "Dinamo”dakı kimi işləmək istərdim. Orda komandanın özəyi uzun illər qorunub saxlanılır və heyətə 1-2 oyunçu əlavə olunur. Belə işləmək çox çətindir. Bu müddətdə Zaura təşəkkür edirəm. O mənə işimi görməkdə çox köməklik etdi.
- O həmçinin UEFA-dan sizin cəzalanmağınızı tələb edəcəyini deyib...
- Əlbəttə, bu onun hüququdur. Bilirəm ki, mənim maya kimi mövcud olan müqaviləm var. "Kayrat”ın hüquqşünası deyib ki, biz hazırkı müqaviləni poza bilərik. Məndən Azərbaycanda inciyənlərin çoxu dostlarımdır. Heç kim istəmirdi ki, mən gedim. Ancaq mən peşəkaram və irəli doğru addım atmalıyam. Mən "Araz”a gələndə o, reytinqdə 37-ci idi, indi isə 3-cüdür. İki dəfə UEFA Kubokunun bürünc medallarını qazanmışıq. Azərbaycan yığması rəhbərliyim altında 3 dəfə Avropa çempionatının final mərhələsinə çıxıb.
- "Kayrat”da sizin önünüzə hansı funksiyalar qoyulub?
- Mənim işim müdafiədə, standart vəziyyətlərdə oyun qurmaqdır. Bundan başqa, biz bütün məsələləri Kakau ilə birgə müzakirə edirik.
- Danışıq olubmu ki, siz Kakauya Qazaxıstan yığmasında da kömək edəcəksiniz?
- Yox, mən yalnız "Kayrat”da işləyəcəyəm. Məlum olduğu kimi, martda Qazaxıstan yığması Avropa çempionatının seçmə matçlarında iştirak edəcək və Kakau tez-tez "Kayrat”dan kənar qalacaq. "Kayrat”da cari mövsüm çox dolğundur, beynəlxalq turnirlərdə iştirak edir. Ona görə də baş məşqçisiz qalmaq olmaz. Kakaunun yoxluğunda onu mən əvəzləyəcəyəm (apasport.az).