F.Mustafa milli komandanın formalaşdırılmasının çətin olduğunu da qeyd edib: "Bizdə çempionat güclü olmadığına, xaricdə güclü cempionatlarda sabit oynayan futbolçuların yoxluğuna, yerli futbolçuların fiziki hazırlığının zəif olmasına görə onsuz da lazımi səviyyədə milli komandanı formalaşdırmaq çox çətindir. Bununla belə, baş məşqçidə, digər məşqçilərdə ən azı Azərbaycan təəssübkeşliyi olmalıdır ki, bunu da futbolçulara aşlaya bilsinlər. Çünki öz ölkəsinin adına oynamaq futbolçuda ayrı bir qürur hissi olmasını tələb edir. Azərbaycanda tamaşaçı auditoriyasında, idman mediasında da anlayışlı münasibət olmadığı ciddi problemlərdən biridir".
Sportnet.az-ın dünən Mahmud Qurbanova ünvanladığı sualı misal çəkən deputat fikrinə belə davam edib: "Baxın, məşqçi yeni təyin olunub, jurnalist sual verir ki, "Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz?" Demək ki, azərbaycanlı məşqçiyə bir oyundan o tərəfə beyinlərində fürsət tanımırlar. Foqsa 6 il dözüblər, azərbaycanlı məşqçiyə bir oyunluq tale müəyyənləşdirirlər. Uğursuzluq ola bilər, ancaq bütün hallarda yığmanın başında Azərbaycanlı məşqçi olmalıdır və bizlər də dəstək verməliyik ki, addım-addım uğurlu nəticələr və maraqlı oyun sistemi qura bilsin. Bütün hallarda AFFA rəhbərliyinin bu seçimini təqdir edirəm və Mahmud Qurbanova uğurlar arzulayıram.
Qeyd edək ki, Mahmud Qurbanov milli komandaya müvəqqəti baş məşqçi təyin olunub.