
Azərbaycanın ən titullu məşqçilərindən olan Mehman Allahverdiyev Azərbaycan yığmasının baş məşqçi postunda görmək istədiyi mütəxəssisləri açıqlayıb. Hazırda "Kəpəz" klubunun prezidenti vəzifəsində çalışan Allahverdiyev Sportnet.az-a açıqlamasında Qurban Qurbanov, Nazim Süleymanov, Yunis Hüseynov, Mahmud Qurbanov və Ramiz Məmmədovu bu vəzifəyə layiq saydığını bildirib.
Onun sözlərinə görə, Süleymanov vaxtilə yığmamızın sabiq baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında işləyib və hazırkı heyətə bələddir. Hüseynov və Məmmədovun "PRO" kateqoriyasına malik olduqlarını xatırladan Allahverdiyev gənc mütəxəssis kimi onlara da şans verilməsini mümkün sayıb. Mahmud Qurbanovu futbolçu kimi titullu və məşqçi kimi gənc sayan veteran futbolçu "Mahmud əvvəllər "Kəpəz"də baş məşqçi olub, yığmada Foqtsun köməkçisi işləyib, azacıq təcrübəsi var. Bir az dəstək verilsə, yığmanın baş məşqçisi ola bilər" deyib.
Qurban Qurbanova gəldikdə, Allahverdiyevin fikrincə, "Qarabağ"ın baş məşqçisi gənc və istedadlı mütəxəssis kimi millimizə rəhbərlik edə bilər. Bununla belə, "Kəpəz"in sabiq baş məşqçisi nəticə amilində özünün də vaxtilə əldə etdiyi uğurları yada salıb: "Nəticəyə qalsa, mənim də titullarım var. Amma heç kimə deyə bilmərəm ki, məni baş məşqçi təyin edin. Məsləhət olsa, təklif edərlər. İnanıram ki, AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədov düzgün seçim edəcəklər".
Qeyd edək ki, Mehman Allahverdiyev "Kəpəz"in baş məşqçisi kimi çalışdığı vaxt komandaya 3 dəfə (1994/1995, 1997/1998, 1998/1999) Azərbaycan çempionluğu, 4 dəfə (1993/1994, 1996/1997, 1997/1998, 1999/2000) ölkə kubokunu qazandırıb.