1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"la bağlı müsabiqənin ikincisi
İdman Araşdırmalar Mərkəzinin "Xəzər Lənkəran" klubunun 10 illik yubileyi münasibətilə keçirdiyi müsabiqənin ikincisi hazırda apasport.az saytında çalışan, lakin müsabiqəyə yazını Çempion qəzetinin əməkdaşı kimi təqdim edən Ruslan Sadıqovdur. Sportnet.az həmin yazını təqdim edir...
…Etiraf edim ki, "Xəzər Lənkəran” ailəsinin, yəni klubun və azarkeşlərin möhtəşəmliyinə bir az gec şahid olmuşam. Çox eşitmişdim, ilk dəfə isə 2009-cu ildə öz gözlərimlə gördüm. Yığmanın oyunu ilə əlaqədar Lənkərana ezam edilmişdim. Finlandiya ilə oynayırdıq. Sentyabra xas olmayan isti havada stadiona 15 min tamaşaçı gəlmişdi. Uduzmağına, uduzduq… O heç… Sözümün canı başqadır. Milli komandamız qol vuranda hamı ayağa qalxıb, "əla, əla” qışqıraraq, əl çalırdı. Lənkəran şəhər stadionunda elə bir uğultu var idi ki… Azarkeşlər dayanmadan yığmanı dəstəkləyirdilər. Elə bilməyin ki, yalnız milli komandaya görə stadionda ajiotaj yaşanırdı. Bu ab-hava demək olar ki, hər həftə "Xəzər Lənkəran”ın oyunlarında təkrarlanırdı. Öz-özümə deyirdim: "İlahi, doğrudanmı, mən Azərbaycandayam? Axı, bizim stadionlara adətən 300-500 adam gəlir, çoxu da məktəbyaşlılar. Bəs bu ətrafımdakı yaşlı kişilər, orta nəslin nümayəndələri haradan toplaşıb bir yerə? Bu nə atmosferdir? Bu nə uğultudur? Olmaya, yuxudayam?…”
Yox, yuxuda deyildim. Bu, Lənkəran futbol fanatlarının gerçəkləşdirdiyi xəyallar idi. Həmin Lənkəran ki, çayı, limonu, ləvəngisi ilə məşhur olduğu kimi, son 10 ildə öz futbol klubu və azarkeşləri ilə də gündəmi zəbt edib. Bəli, "Xəzər Lənkəran”dan yazacağam. Lənkəranda futbola az-çox marağı olan hər kəsin ülvi sevgi bəslədiyi klubdan. Qələbəsinə bayram edən, məğlubiyyətinə hədsiz üzülən insanların sevimli komandasından. Sanki lənkəranlılar hər həftə ritual yerinə yetirirmişlər kimi, stadiona gedib, "Xəzər Lənkəran”a qol-qanad verirlər. Özü də komandanın evdə və ya səfərdə oynamasından asılı olmayaraq. Nədən qaynaqlanır bu sevgi? "Xəzər Lənkəran” bu məhəbbətə necə nail olub? Bu komandanın cazibə qüvvəsi haradan əmələ gəlib? İndi bir-bir hamısını qeyd edəcəyəm. Amma bir şərtim var: heç kim inciməsin, hər şeyi olduğu kimi yazacağam.
Futbol bumunun ən yaxşı barı
Ona görə inciməkdən söhbət saldım ki, "Xəzər Lənkəran” indiki səviyyəsinə təkcə uğurları ilə çatmayıb. Bir az infrastruktur, bir az çılğın azarkeşlər, bir az səs-küylü transferlər, bir az məşhur məşqçilər və nə qədər acı olsa da, qalmaqallar və uğursuzluqlar da komandanı həmişə gündəmdə saxlayıb. Hər şey isə 2004-2005-ci illərdə Azərbaycanda yaşanan futbol bumundan başlandı. Ölkədə yeni-yeni futbol klubları yaradıldı. Obrazlı desək, çiçəklənmə dövrü yaşandı. Və həmin dövrün, bəlkə də, ən yaxşı barı – "Xəzər Lənkəran” dünyaya gəldi. Tanınmış iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali” Şirkətlər Qrupunun sponsorluğu sayəsində cənub bölgəsinin fəxri, qüruru doğuldu – "Cənub mirvarisi”. Bəli, "doğuldu” sözünü təsadüfən yazmıram. Lənkəranlılar arasında bu komandanı öz doğma övladı qədər sevənlər də var. Azarkeşlər mövzusuna bir az sonra yenə qayıdacağam. "Xəzər Lənkəran” yarandığı ilk ildə xeyli problemlərlə, çətinliklərlə üzləşmişdi. Futbol klubunu sıfırdan qurmaq lazım idi. "Xəzər Lənkəran”ın ilk direktoru olan və indiyədək bu vəzifəni yerinə yetirən Höccət Hacıyev həmin dövrün canlı şahididir: "Ən böyük problem baza tikmək idi. Komanda ilk vaxtlar stadion baxımından müəyyən problemlər yaşadı. Amma Mübariz Mənsimov mütləq bir bazanın olmasını istəyirdi. Nəticədə gözəl bir baza inşa etdirdik”.
İlk cəhd, ilk medal
"Xəzər Lənkəran”ın ilk baş məşqçisi Nazim Süleymanov öz postunda cəmi 7 tur duruş gətirə bildi. Qeyri-sabit nəticələrə görə Süleymanovu Türkiyənin məşhur mütəxəssisi Rasim Karaya dəyişən rəhbərlik seçimində yanılmamışdı. Yeni baş məşqçi komandanı "Qızıl oyun”a qədər apara bildi. Zarafat deyil, Lənkəran klubu fəaliyyətdə olduğu ilk ildə az qala çempion olacaqdı. Dünyanın hansı yerində belə nəticəyə rast gəlmək olar? Bu uğurda vaxtilə "Beşiktaş” və "Fənərbağça”da oynamış Oktay Dərəlioğlunun "Xəzər Lənkəran”da 21 oyunda 17 qol vurması da böyük rol oynadı. Çempionluğa isə 2005-ci il iyunun 10-da Gəncədə keçirilən "Qızıl oyun”da "Neftçi” maneçilik törətdi. Hərçənd həmin matçda hesabı adını "Xəzər Lənkəran”ın tarixinə həkk etdirmiş Alim Qurbanov açmışdı: "Hesabda öndə olduğumuz vaxt artıq qalib gələcəyimizi düşünürdük. Gəncəli olduğuma görə, doğma şəhərimdə qol vurmaq mənim üçün ikiqat sevindirici idi. Lakin hakimin kobud səhvləri ucbatından çempionluq əlimizdən getdi”.
"Soyuq duş”
"Qafqazın "Çelsi”si ləqəbi də o vaxt yarandı. Yaxın və uzaq ölkələrin idman mətbuatı "Xəzər Lənkəran” haqqında iri-iri məqalələr çap edir, komandanın ünvanına təriflər yağdırırdılar. Bəlkə də, "ağ-yaşıllar”ın UEFA Kubokunda uğursuz debütünə bu tərifnamələr imkan vermədi. Ya zəlzələdən, ya da vəlvələdən, "ağ-yaşıllar” büdcəsi qəpik-quruş olan Moldova "Nistru”suna 2 dəfə uduzdular – 1:3, 1:2. Bu, əsl "soyuq duş” idi. Yaxşı yadımdadır, nəticə "Xəzər Lənkəran” rəhbərliyini yaman qəzəbləndirmişdi. Mübariz Mənsimov futbolçuları çox ciddi cəzalandırmışdı. Rasim Kara qalmağına, qaldı, amma komandada sabitliyi qorumaq mümkün olmadı. Az sonra Rasim Karanı baş məşqçi postunda növbə ilə Nazim Süleymanov, Şenol Fidan və Viktor Pasulko əvəzləsələr də, nəticə dəyişmədi. Çempionatın sonunda 7-ci yer…
Mircavadov dövrü
Və budur, 2006-07 mövsümünün əvvəlində baş məşqçi vəzifəsi Ağasəlim Mircavadova həvalə olunur. Necə deyərlər, zərgər dəqiqliyi ilə edilən seçim. Təcrübəli Mircavadov "Xəzər Lənkəran”da nələr qazanmadı ki: 1 dəfə ölkə çempionu (2007-ci il), 2 dəfə ölkə kuboku (2007-ci və 2008-ci illər) və 1 dəfə "Birlik kuboku” (2008-ci il). 2 ildə 4 titul! Hadisələri qabaqlayaraq qeyd edim ki, "Xəzər Lənkəran” bir daha belə məhsuldar dövr yaşamayacaqdı. Ağasəlim Mircavadov deyir ki, bu uğurlar bir sıra amillər nəticəsində mümkün olub: "Ən əsası isə azarkeşlərin istəyi, tələbi idi. Təkcə məşqi izləməyə 1000-1500 nəfər gəlirdi. "Xəzər Lənkəran”ı güclü edən azarkeşləri olub. Onların istəyi belə idi: komanda meydançada bütün gücü ilə oynamalıdır! Hətta ürəklə oynayıb uduzanda da stadionu alqış sədaları altında tərk edirdik”. Məhz cənub klubundakı uğurlarına görə Ağasəlim Mircavadov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət” ordeninə layiq görülüb. Yeri gəlmişkən, dövlət başçısı "Xəzər Lənkəran” futbolçuları ilə 2 dəfə görüşüb. 2005-ci ildə Lənkəran Şəhər Stadionunun açılışını edən İlham Əliyev 2008-ci ildə, "Birlik kuboku” uğrunda yarışdan sonra da "Xəzər Lənkəran” üzvlərini qəbul edərək, onlara təbriklərini çatdırmışdı.
Bombardirin etirafı
Demişdim axı, bu klubun başından qalmaqallar heç vaxt əskik olmayıb. Onların arasında ən ictimailəşmiş qalmaqal Zaur Ramazanovla bağlıdır. "Xəzər Lənkəran”da 99 oyunda 44 qol vuran hücumçu həmin xoşagəlməz hadisəni ilk dəfə bizə ətraflı nəql edir: "Birlik kuboku”ndan yenicə dönmüşdük. Getdik Antalyaya təlim-məşq toplanışına. Çox yorğun idim. Çünki "Birlik kuboku”nda hamı fasilələrlə oynayırdı, mən isə bütün görüşlərdə 90 dəqiqə forma geyinirdim. Baş məşqçimiz Ağasəlim Mircavadovdan xahiş etdim ki, səhər məşqindən məni azad etsin, axşam məşqindən etibarən kollektivə qoşulum. O da qəti şəkildə dedi ki, məşqə çıxmalısan. Buna görə bir az söz-söhbət oldu. Ağasəlim müəllim də deyəsən rəhbərliyə zəng vurub şikayət eləmişdi ki, Zaur məşqə çıxmır, yatıb qalır. Buna görə hətta komandadan ayrıldım da. Amma sonradan gördülər ki, günahsızam. Ağasəlim müəllim də özü zəng vurub dedi ki, olan-olub, keçən-keçib, kluba qayıt. Amma deyim ki, karyeram ərzində onun kimi güclü taktika məşqçisi də görməmişəm”.
Moldova kabusu davam edir…
Daha sonra Kamran Ağayevlə klub rəhbərliyi arasında da qalmaqal yaşanacaqdı. Qayıdaq xronoloji ardıcıllığa. Ağasəlim Mircavadovun Lənkəran klubundan ayrılmasına UEFA Kubokunun I mərhələsində "Lex”ə (Polşa) məğlubiyyətlər səbəb oldu. 2008-09 mövsümündə nə "Xəzər Lənkəran”a qayıdan Rasim Kara, nə də olimpiya çempionumuz İqor Ponomaryov köməyə çatdı. Çempionatı 4-cü yerdə bitirən "ağ-yaşıllar” kubok yarışında 1/4 final mərhələsində uduzunca, avrokuboklardan kənarda qaldılar. 2009-cu ilin yayında Mircavadovun Lənkərana qayıdışı reallaşdı. Düzdür, o, ikinci qayıdışında titulsuz qaldı. Sadəcə, kubokda finala çıxdığına görə, komanda UEFA Kubokunda iştirak hüququna yiyələndi. Ancaq kaş iştirak eləməyəydi… Adı heç kimə bəlli olmayan Moldovanın "Olimpiya” klubu "Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırdı (0:0; 1:1). Mircavadov artıq Lənkəranda qala bilməzdi.
"Xəzər Lənkəran”dan təklif gəlsə, düşünmədən qəbul edərəm”
Bu sözləri rumıniyalı məşqçi Mirça Rednik deyir. Həmin Rednik ki, "Xəzər Lənkəran”ın 10 illik tarixində silinməz iz buraxıb. Bu insan Lənkəran klubunun bazasında yaşayan pişikdən tutmuş, yerli sakinlərin əksəriyyətinə qədər, hamının sevgisini qazanmışdı. Rednikin rəhbərliyi altında "Xəzər Lənkəran” keçmiş əzəmətini geri qaytardı, "Neftçi” ilə "Böyük oyun” adlandırılan "duel”lər yenə gərginləşdi. Lənkəranlılar gümüş medal qazanmaqla yanaşı, kuboku da başları üzərinə qaldırdılar: "Mən "Xəzər Lənkəran”a təyinat alanda komanda 2 il idi ki, titul əldə edə bilmirdi. Tam fərqli mədəniyyətdən gəldiyim üçün düşündüm ki, bu, bir az vaxtımı alacaq. Amma qısa zamanda bir-birimizə uyğunlaşdıq. Bu müddətdə, xüsusilə azarkeşlərin sevgisi məni ayaqda tutdu. İşlədiyim ölkələrin heç birində lənkəranlı azarkeşlər kimi fanat görməmişəm. Nəticədə ilk mövsümdə çempionatın gümüş medalını və Azərbaycan Kubokunu qazandıq”. Ancaq hər şeyin əvvəli kimi, sonu da var. 2011-ci ilin payızında rumıniyalı çalışdırıcı postunu tərk etdi…
Titulsuz illər
"Xəzər Lənkəran”ın son illərdəki çıxışı barədə yazmağa adamın əli gəlmir. Nədən yazasan? Çempionatda və kubokdakı uğursuzluqlardan? Azarkeşlərlə komanda arasında əsən soyuq küləklərdən? Yoxsa İsrail "Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən? Cüneyt Biçər, Yunis Hüseynov, Karles Bakes, Con Benjamin Toşak, Mustafa Dənizli… Baş məşqçilər əlcək kimi dəyişilsə də, ciddi nailiyyətlər qazanmaq müşkülə çevrilib. Bir-iki dəfə gümüş medal qazanmaqla, Avroliqada güc-bəla ilə mərhələ adlamaqla yara sağalmaz ki… Ən təəssüf doğuran məqam isə komandanın 10 illik yubileyində titul qazana bilməməsi oldu. Halbuki, mövsümün əvvəlində hamı çempionluğa ümid bəsləyirdi. Lakin ümid sona qədər özünü saxlaya bilmədi, elə yarıyolda öldü…
Tunelin sonunda işıq görünür
"Komandanın hazırkı durumuna bələdəm və çox məyus oluram. "Xəzər Lənkəran”da uğurla çalışmaq üçün məşhur məşqçi olmağa ehtiyac yoxdur. Sadəcə, şəhəri, insanlarını sevməli, komanda üçün can yandırmalısan”. Bunu da Mirça Rednik deyir. Onun sözlərində həqiqət var. "Xəzər Lənkəran” indiki arzuolunmaz durumdan tezliklə çıxa bilər. Klubun potensialı buna tam imkan verir. Sadəcə, məşqçi seçimini düzgün etmək, faydalı futbolçular transfer etmək, azarkeşlərlə münasibətləri qaydasına salmaq lazımdır. Uşaq futbolunu sistemli inkişaf etdirmək də öz yerində. Yəni tunelin sonunda işıq görünür. İstənilən halda, "Xəzər Lənkəran” futbolçuları və azarkeşləri bundan artığına layiqdir. Sadəcə, klubun inkişaf planını düzgün qurmaq lazımdır.
Ruslan SADIQOV