Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, həftənin ilk oyun günündə 2 görüş baş tutub.
İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bayer"ini qəbul edib. "Visente Kalderon"da keçirilmiş qarşılaşmada "Baku 2015" loqolu Madrid təmsilçisi növbəti mərhələyə vəsiqəni penaltilər seriyasında əldə edib. Əsas vaxtda 1:0 hesablı qələbəyə nail olan Dieqo Simeonenin komandası bu üstünlüyünü "lotereya"laradək saxlayıb. Penaltilər seriyasında "Atletiko"dan Raul Qarsiya və Kokenin zərbələri dəqiq olmadığı halda, "Bayer"in 3 futbolçusu - Hakan Çalkanoğlu, Ömər Toprak və Ştefan Kisslinq büdrəyib. Nəticədə Madridin daha bir komandası növbəti mərhələyə adlayıb.
"Monako" isə evdə İngiltərə "Arsenal"ına 0:2 hesabı ilə uduzub. Bununla belə, Londonda daha çox top vurması (3:1) sayəsində knyazlıq klubu 1/4 finala yüksəlib.
Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
23:45. "Atletiko Madrid" (İspaniya) - "Bayer" (Almaniya) - 1:0 (PENALTİLƏRLƏ - 3:2)
Qol: Mario Suares, 27
Baş hakim: Nikola Ritsoli (İtaliya)
İlk oyun. 0:1
23:45. "Monako" (Fransa) - "Arsenal" (İngiltərə) - 0:2
Qollar: Olivye Jiru, 36. Aron Remzi, 79
Baş hakim: Sveyn Moen (Norveç)
İlk oyun. 3:1
Qeyd edək ki, ötən həftə keçirilmiş cavab görüşlərinin nəticələrinə əsasən PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya) və "Portu" (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazanıb.