
1-6 mart tarixlərində Azərbaycan Şahmat Federasiyası, "Nəfəs" İctimai Birliyi və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, IV çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək.
Sportnet.az xəbər verir ki, sayca ikinci dəfə təşkil olunacaq turnir ictimai-siyasi xadim Qənirə Paşayevanın 50 illik yubileyi ərəfəsinə təsadüf edir.
Azərbaycanı yarışda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcək.
Beynəlxalq şahmat turniri "Landmark Hotel"in “Rotunda” zalında baş tutacaq. Yarışın açılış mərasimi martın 2-də keçiriləcək. Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.
Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq.
Qeyd edək ki, “Nəfəs” İctimai Birliyinin baş sponsorluğuyla keçirilən turnirin ümumi mükafat fondu 30 000 AZN təşkil edir.