Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə gerisayım tədbiri keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda çox səviyyəli, mötəbər yarışların keçirildiyini deyən nazir həyəcanlı anlar yaşadıqlarını bildirib.
O deyib: "İlk dəfə ölkəyə 180 ölkə nümayəndəsi gələcək. Heç vaxt Azərbaycana bu qədər insan gəlməyəcək. Bu, ölkəni dünyaya tanıtdırmaq üçün çox gözəl fürsətdir. Dünyanın intellekli insanları Bakıya gələcəklər. Bu, Azərbaycanda şahmatın inkişafına təkan verilən yarışdır. Qürurla deyə bilərik ki, Azərbaycan həm idman, həm də şahmat ölkəsidir, Ölkəmizin adı daim dünyanın şahmat ölkələri sırasında çəkilir".
Nazir hazırlıq işlərinin öz axarı ilə davam etdiyini və Olimpiadanın yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənəcəyini söyləyib.
FİDE prezidenti Kirsan İlümjinov 178 ölkəni birləşdirən qurumun Prezident Şurası adından salamlarını çatdırıb. O, 100 gün qalmış hər şeyin hazır olduğunu və artıq indidən Olimpiadanın keçirilməsinin mümkünlüyünü vurğulayıb. İlümjinovun fikrincə, 1 - 14 sentyabrda keçiriləcək yarış ölkə sayı baxımından tarixə düşəcəyini söyləyib: "Hazırda rekord sayda ölkədən müraciətlər gəlir. İnanıram ki, 178 ölkənin hamısı Olimpiadaya gələcək. Bu da Yay Olimpiya Oyunlarından sonra ikinci böyük yarış olacaq. 2008-ci ildə ilk dəfə Azərbaycanda Şahmatın İnkişafına dair Dövlət Proqramı imzalanıb. Prezident İlham Əliyevin imzaladığı bu sərəncam digər ölkələrə nümunə ola bilər".
AŞF prezidenti Elman Rüstəmov bildirib ki, Ümumdünya Şahmat Olimpiadası kimi yarışların keçirilməsi Azərbaycan üçün adi hala çevrilməklə yanaşı, həm də əlamətdar hadisə sayılır: "Azərbaycan 3 komanda ilə təmsil olunacaq. Olimpiadanın Bakıda keçirilməsi şahmatda son dövrlərdə əldə olunan müvəffəqiyyətlərə bir qiymətdir. Azərbaycan yığması son illər Avropa çempionatında uğurla çıxış edir. İki qızıl, eləcə də gümüş və bürünc medallar qazanmışıq. Şahmat dövlət siyasətinə çevrilir. Biz Olimpiadada heç də iştirak xatirinə iştirak etməyəcəyik. Komandamız yarışa ciddi hazırlaşır. İnanıram ki, çox müvəffəqiyyətlə çıxış edəcəyik. Əminik ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası ən yaxşı Olimpiada olacaq".
Tədbir zamanı Olimpiadanın maskotu təqdim olunub. A.Rəhimov gerisayımın başlandığını bildirən düyməni basıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda Bakı Kristal Zalında keçiriləcək. Yarışın Açılış Mərasimi Milli Gimnastika Arenasında təşkil olunacaq.