
"ŞəmkirChess2016" superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova uduzan Pavel Elyanov partiya haqda fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Elyanovun fikrincə, oyunu heç-heçəyə aparmaq mümkün görünürdü: "Şəhriyar çox yaxşı başladı. Hiss olunurdu ki, qələbə qazanmaq istəyir. Buna baxmayaraq, məğlub olmaq barədə düşünmürdüm. Sonda təslim olmaqdan başqa yol yox idi. Şaha qarşı hücumlar artdı. Artıq müdafiə olunmaq alınmırdı. Tez bir zamanda məğlubiyyəti unutmaq lazımdır. Qarşıda çox çətin oyunlar var. Şəmkirdə zəif rəqib yoxdur, ona görə hər tur istənilən nəticə baş verə bilər".