Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən (BŞOƏK) Sportnet.az-a verilən məlumata görə, bu, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur.
İdmançıya xüsusi sertifikatı BŞOƏK-in icraçı direktoru Murad İskəndərli təqdim edib.
F.Mansurov təəssüratlarını turnirin mətbuat xidməti ilə bölüşüb: "Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə BŞOƏK-ə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq. Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışacağam. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək".
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.