
Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen superturnir təşkil edəcək.
Sportnet.az "Chess24" nəşrinə istinadən xəbər verir ki, mükafat fondu 250 000 ABŞ dolları olan onlayn yarış aprelin 18-də start götürəcək.
Turnirdə dünya reytinqinin ən yaxşı 8 qrossmeysteri iştirak edəcək. 7 raunddan ibarət dövrəli sistem formatında təşkil olunacaq və 2 həftə davam edəcək turnirdə norveçli şahmatçı ilə yanaşı, Fabiano Karuana (ABŞ), Din Liren (Çin), Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ) qüvvəsini sınayacaq.
Hər görüş 4 partiyadan ibarət olacaq. Qalib gələn şahmatçı 3 xal qazanacaq, məğlub olan isə xalsız qalacaq. 2:2 hesablı heç-heçə zamanı əlavə görüş keçiriləcək və "armaqeddon"da qələbə qazanan qrossmeysterin aktivinə 2 xal yazılacaq. Uduzan isə 1 xalla kifayətlənəcək.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün açıqladığı reytinqdə Azərbaycan şahmatçılarından Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qərarlaşıb. Bu səbəbdən onlar Maqnus Karlsenin təşkilatçısı olduğu turnirdə iştirak etməyəcəklər.