"Avropa çempionatı mənim üçün çox çətin keçdi. Bu il belimdəki problemlərlə əlaqədar çox vaxt və məşqlər itirdim. Bunlar olmasaydı, bəlkə də nəticə daha yaxşı olardı". Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında Fransanın Mant-an-İvelin şəhərindəki Avropa çempionatında kayak növündə ilk medalı əldə edərək, tarixi uğura imza atmış Mirnazim Cavadov deyib.
Azərbaycan yığmasının 22 yaşlı üzvü məşqlərə 2008-ci ildən başlasa da, indiyədək nüfuzlu yarışlarda mükafatçılar sırasına düşə bilməyib. 8 illik əziyyətdən sonra o, Avropa çempionatında 23 yaşadək kayakçıların 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşündə bürünc medala sahib olub. Cavadov hər dəfə mükafatçılar sırasından kənarda qaldıqda ruhdan düşmədiyini söyləyib: "Əsla ruhdan düşmürdüm. Əziyyətlərimin bəhrəsini gördükdən sonra daha yaxşı nəticələr göstərməyə çalışacağam".
Sonda kayakçımız onu bu idman növünə gətirən ilk məşqçisi İlham Qafarova minnətdarlıq edib.