
Azərbaycan yeniyetmə və 23 yaşadək kayak və kanoeçilər arasında 2026-cı il dünya, 2027-ci il Avropa çempionatlarına namizədliyini irəli sürüb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) yarış məkanı kimi Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzini göstərib.
Hazırda AKAF Gənclər və İdman Nazirliyi ilə birlikdə akademik avarçəkmə, kayak və kanoe üzrə ənənəvi Beynəlxalq Prezident Kuboku reqatası keçirir.
İlk dəfə 3 qitədən 20 ölkənin qatıldığı yarış ötən gün Suqovuşanda başlayıb, bu gün isə Mingəçevirdə davam edir. Beynəlxalq Kanoe Federasiyasının rəsmi təqvim planına salınmış reqatanı izləməyə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və qurumun texniki komitəsinin nümayəndəsi təşrif buyurub.
Vəziyyətlə yerində tanış olacaq qonaqların rəy hazırlamasında Prezident Kubokunun əsas rol oynayacağı gözlənilir.
Yeniyetmələr və U-23 kateqoriyalarında Avropa və dünya çempionatları hər ilin iyul-avqust aylarına təsadüf edir. Hər iki cinsdən olan kayakçılar və kanoeçilər 1 nəfərlik, 2 nəfərlik və 4 nəfərlik qayıqlarla 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılırlar. İndiyədək Azərbaycanda heç vaxt Avropa və dünya çempionatları keçirilməyib.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarında kayak və kanoe yarışları məhz Mingəçevirdə təşkil olunub. Həmin vaxt Azərbaycan kanoeçisi Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. Bu il isə 28 sentyabr - 8 oktyabrda III MDB Oyunları çərçivəsində akademik avarçəkmə, kayak və kanoe yarışları Mingəçevirdə baş tutacaq.