Millimizin sabiq baş məşqçisi bildirib ki, bugünkü qarşılaşma komandamız üçün test xarakteri daşıyır: "Xətlərarası əlaqələrin düzəlməsi, uzun zamandır bir yerdə oynamayan futbolçuların yenidən eyni komandada çıxış etmələri millimizə faydalı olacaq. Yəqin ki, Rusiya qarşısında əsas hədəf, sadəcə, baxımlı oyun göstərmək olacaq. Yığmamız Özbəkistan millisi ilə matçda yaxşı təsir bağışlamışdı. Düşünürəm ki, komandamız bu dəfə də yaxşı nəticə qazanacaq".
"Şöhrət" ordenli mütəxəssis yığmamızın hazırkı səviyyəsinə təkcə Rusiya ilə yoldaşlıq görüşündə deyil, Bolqarıstanla 2016-cı il Avropa çempionatının seçmə qrup matçından sonra qiymət verə biləcəyini açıqlayıb. Mircavadov millimizin sol cinahındakı problemə də münasibət bildirib. Təcrübəli mütəxəssisin fikrincə, bu çatışmazlığı baş məşqçi Berti Foqts həll edə bilər. Yığmamıza dəvət olunaraq, milliləşdirilən futbolçulara gəldikdə, o bildirib ki, həmin oyunçular perspektivli olduqlarından, çağırılıblar: "Hesab edirəm ki, gənc və perspektivli futbolçuları komandaya daxil etmək doğru addımdır. Unutmayaq ki, futbolçu oynayanda hazır olur. Ona görə də yeni oyunçuların yığma komandaya qoşulmasını müsbət qarşılayıram".
Bu mövsüm Avropa kuboklarında daha çox irəliləməyi bacaran klublarımız - "Neftçi" və "Qarabağ"ın baş məşqçiləri yerli mütəxəssislərdir. Amma Böyükağa Hacıyev və Qurban Qurbanovdan fərqli olaraq, millimizin sükanı arxasındakı Berti Foqts əcnəbidir. Mircavadov bu məqama da diqqət çəkib: "Demək olar ki, sovet dövründən bu yana Azərbaycan futbolunda hər zaman öz milli məşqçilərimiz çalışıb. Onların hamısı da böyük uğurlar qazanıb. "Neftçi” və digər klublarımız ən böyük uğurlarını yerli mütəxəssislərlə qazanıblar. Ancaq hazırda həm gənclərdən, həm də peşəkarlardan ibarət Azərbaycan yığmalarına əcnəbi baş məşqçilərin rəhbərlik etməsi bu insanlara olan inamdan irəli gəlir. Artıq 7 ilə yaxındır ki, Berti Foqts milli komandanın başındadır. Baş məşqçi bu qədər müddətdə bir komandada qalırsa, bu, ona olan inamdan xəbər verir”.
Qeyd edək ki, "Ximki Arena”da keçiriləcək Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.