
Milli Gimnastika Arenasında qadın voleybolçular arasında Yüksək Liqanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç yarışın yüksək səviyyədə təmsil olunduqlarını bildiriblər.
Onlar klublara və Azərbaycan milli komandasına qarşıdakı yarışlarda uğurlar arzulayıblar. AVF-nin vitse-prezidenti Bəhruz Quliyev ayrı-ayrı mövqelər üzrə ən yaxşı voleybolçuları və rəmzi komandanın üzvlərini mükafatlandırıb.
Daha bir vitse-prezident Faiq Qarayev bürünc medalçı "Xilasedici"ni təltif edib. "Murov Az Terminal"a gümüş medalı Bağırov, "Azərreyl"ə qızıl medalı isə Sikiriç təqdim edib.
Nəhayət, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev qalib komandaya kuboku təqdim edib.
Qeyd edək ki, finalda "Azərreyl" "Murov Az Terminal"ı hər iki qarşılaşmada məğlub edib - 3:0, 3:1.