
"İqtisadçı"nın meneceri Araz İsmayılov klubun dağıldığına dair xəbərlərə münasibət bildirib. İsmayılov Sportnet.az-a açıqlamasında fəaliyyətlərini dayandırma təhlükəsi ilə üzləşdiklərini təsdiqləyib.
Onun sözlərinə görə, məsələyə oktyabrın 12-dək tam aydınlıq gələcək. "İqtisadçı" rəsmisi bildirib ki, Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru vəzifəsindən ayrıldıqdan sonra klub prezidenti kimi fəaliyyətini davam etdirir. Lakin sponsorların komandanı himayə etmək üçün imkanları yoxdur: "Bu günədək elə bilirdik ki, hər şey qaydasındadır. Hətta voleybolçularımızla müqavilələr də bağlamışdıq. Amma indi məlum olur ki, sponsorlarımızın kluba kömək imkanları yoxdur. Ona görə də komandamız dağılma təhlükəsi ilə üzləşib. Yəqin ki, bu məsələyə yuxarı səviyyədə baxılaraq, bazar ertəsinədək qərar veriləcək".
Qeyd edək ki, "İqtisadçı" ötən mövsüm Azərbaycan Super Liqasını bürünc medalla başa vuraraq, "CEV Kuboku"nda iştirak hüququna yiyələnib.