
“Olimpiya Təsnifat Turnirinə hazırlıqlarımız sürətlə davam edir. Maraqlı, ağır, eləcə də, sistemli şəkildə məşq prosesləri keçiririk”.
Sportnet.az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Odina Əliyeva Braziliyada keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıq barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Əliyeva bildirib ki, əsas hədəfləri olimpiada şanslarını dəyərləndirib, lazımı nəticə qazanmaqdır: “Baş məşqçimiz Covanni Kaprara da çalışır ki, oyunçular həm fiziki, həm də texniki cəhətdən yaxşı formada olsunlar. Biz də onun tapşırıqlarını diqqətlə və düzgün yerinə yetiririk. Braziliyada olimpiadaya vəsiqə əldə etmək şansımız var. Bu şansı dəyərləndirməyə çalışacağıq. Ən böyük arzularımdan biri olimpiadada iştirak etməkdir. Olimpiya Təsnifat Turnirinin oyunlarından sonra isə Bakıya qayıdıb, Avropa çempionatına hazırlıqlara başlayacağıq”.
Qeyd edək ki, D qrupunda yer alan Azərbaycan Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq. Görüşlər 1 - 3 avqustda keçiriləcək.