
165.7 km-lik həlledici mərhələdə Azərbaycanı təmsil edən "Synergy Baku" kontinental komandasının 5 velosipedçisi - Maksim Averin, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Elçin Əsədov və Ənvər Asanov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 9 dəqiqə, 38 saniyə.
Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb - o, yarışın qalibi, Fransanın "Team La Pomme Marseille 13" komandasının üzvü Jülyen Antomarşidən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci olub. Aleksandr Surutkoviç isə 20-ci yeri tutub. Qeyd edək ki, "Synergy Baku"nun təmsilçisi nüfuzlu Çin yarışında bir dəfə fəxri kürsüyə qalxmağı da bacarıb - belə ki, Maksim Averin 3-cü mərhələdə 2-ci yeri tutması ilə yadda qalmışdı.
Komanda hesabında isə "Synergy Baku" 20 kollektiv arasında 5-ci yeri tutub. Təmsilçimizın qabaqladığı komandalar içərisində kontinental və milli kollektivlərlə yanaşı, Hollandiyanın "Belkin-Pro Cycling Team" Dünya Turu, Avstraliyanın "Drapac Professional Cycling" və ABŞ-ın "Team Novo Nordisk" pro-kontinental komandaları da var.
